ABŞ Ədliyyə Nazirliyi Kubanın sabiq prezidenti Raul Kastroya qarşı cinayət ittihamı irəli sürməyi planlaşdırır. “Reuters”-in ABŞ Ədliyyə Nazirliyindəki mənbəyə istinadən yaydığı məlumata görə, mümkün ittihamın vaxtı hələ dəqiq bilinmir və prosesin başlaması üçün böyük jüri tərəfindən təsdiq tələb olunur. Bununla belə, mənbə qərarın yaxın zamanda verilə biləcəyini bildirib.
Məlumata əsasən, 94 yaşlı Raul Kastroya qarşı mümkün ittiham 1996-cı ildə “Brothers to the Rescue” humanitar qrupuna məxsus təyyarələrin vurulması işi ilə bağlı ola bilər. “CBS” daha əvvəl bu işin Kubanın 1996-cı ildə həmin təşkilata məxsus təyyarələri vurması hadisəsi ilə əlaqəli olduğunu yazmışdı. Hadisə nəticəsində 4 nəfər həlak olmuşdu.
“Reuters” qeyd edir ki, nə Kuba Xarici İşlər Nazirliyi, nə də ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı sorğuya dərhal cavab verib. ABŞ-ın Florida ştatının Cənub dairəsi üzrə prokurorluğu daha əvvəl Kubanın yüksək vəzifəli rəsmilərinə qarşı mümkün cinayət ittihamlarını araşdırırdı.
Bu addım Tramp administrasiyasının Kuba hökumətinə qarşı təzyiqləri artırdığı bir dövrdə gündəmə gəlib. Vaşinqton son aylarda Kubaya yanacaq tədarük edən ölkələrə sanksiya hədələri ilə çıxış edərək ada dövlətinin enerji və iqtisadi vəziyyətinə əlavə təzyiq göstərib.
Maraqlıdır ki, Kuba hökuməti cümə axşamı MKİ direktoru Con Retkliflə görüş keçirildiyini təsdiqləyib. ABŞ tərəfinin bildirdiyinə əsasən, Retklif Kuba rəsmilərinə ölkə “fundamental dəyişikliklərə” gedərsə, Vaşinqtonun iqtisadi təhlükəsizlik məsələlərində dialoqa hazır olduğunu çatdırıb.
Florida Baş prokuroru Ceyms Utmaier mart ayında Raul Kastronun 1996-cı il təyyarə hadisəsində mümkün rolu ilə bağlı uzun müddət fəaliyyətsiz qalmış cinayət araşdırmasının yenidən başladıldığını açıqlamışdı. Həmin vaxt ABŞ-da Kuba mənşəli siyasətçilər və respublikaçılar Kastroya qarşı federal səviyyədə də addımların atılmasını tələb edirdilər.