ABŞ Prezidenti Donald Tramp Nigeriyanın şimal-qərbində terror təşkilatı İŞİD-lə əlaqəli hədəflərə qarşı hərbi əməliyyat həyata keçirildiyini bəyan edib.
Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımda hücumun onun birbaşa göstərişi ilə baş verdiyini bildirib. Onun sözlərinə görə, zərbələr xüsusilə, xristian əhaliyə qarşı hücumlar həyata keçirən İŞİD elementlərini hədəf alıb.
ABŞ Prezidenti daha əvvəl bu məsələdə xəbərdarlıq etdiyini xatırladaraq, xəbərdarlıqlara əməl olunmayacağı təqdirdə “ağır nəticələrin” olacağını bildirdiyini vurğulayıb. Tramp hücum nəticəsində terrorçuların zərərsizləşdirildiyini qeyd edərək, xristianların öldürülməsinin davam edəcəyi təqdirdə bu cür əməliyyatların artırılacağı barədə xəbərdarlıq edib.
ABŞ-ın müdafiə naziri Pit Heqset də “X” sosial şəbəkəsindəki paylaşımında Nigeriyada və digər bölgələrdə günahsız xristianların öldürülməsinin dayandırılmalı olduğunu bildirib. İŞİD-ə qarşı həyata keçirilən hücuma işarə edən Heqset, oxşar əməliyyatların davam edəcəyini vurğulayıb.
Heqset eyni zamanda Nigeriya hökumətinin dəstək və əməkdaşlığına görə minnətdarlığını ifadə edib.
ABŞ Afrika Komandanlığı (AFRICOM) isə “X” platformasında yaydığı açıqlamada Tramp və Heqsetin göstərişi ilə Nigeriya rəsmiləri ilə koordinasiya şəraitində Sokoto ştatında İŞİD terrorçularına qarşı zərbələrin endirildiyini bildirib.
Donald Tramp oktyabrın 31-də sosial şəbəkədə etdiyi paylaşımda xristianlara qarşı “kütləvi qırğınlar” səbəbilə Nigeriyanı “xüsusi narahatlıq doğuran ölkə” elan etmişdi. O, sonradan Nigeriyaya ABŞ yardımlarının dayandırıla biləcəyi və hərbi müdaxilə ehtimalı ilə bağlı da xəbərdarlıq etmişdi.
Nigeriya Prezidenti Bola Ahmed Tinubu ölkəsinin dini ayrı-seçkiliyə yol vermədiyini bildirərək, ABŞ-ın bu qərarına etiraz etmişdi.
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) isə terrorçu qrupların yalnız xristianları deyil, bölgədə yaşayan müsəlmanları və digər dini icmalara mənsub günahsız mülki şəxsləri hədəf aldığını bəyan etmişdi.