ABŞ kəşfiyyatı Ukraynanın Vaşinqtondakı səfirliyinə xəbərdarlıq edərək bildirib ki, Kiyev Rusiyanın enerji obyektlərinə yeni zərbələr endirərsə, Amerika tərəfi kəşfiyyat məlumatlarının paylaşılmasını dərhal dayandıra bilər. Məlumata görə, Vaşinqton bu xəbərdarlığı Ukrayna rəsmilərinə dəfələrlə çatdırıb.
MSNews.az xəbər verir ki, bu barədə oktyabrın 14-də ABŞ-nin “The Washington Post” qəzeti məsələdən məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, ABŞ tərəfinin xəbərdarlıqları o qədər geniş miqyas alıb ki, Ukrayna ilə əlaqəsi olan çoxsaylı şəxslərə zəng edilib. Mənbə vəziyyəti təsvir edərkən xəbərdarlıqların hətta soyadı ukraynalı kimi səslənən şəxslərə belə çatdırıldığını bildirib.
“The Washington Post”un yazdığına görə, ABŞ rəsmiləri oktyabrın 12-də Ukraynaya kəşfiyyat əməkdaşlığının dayandırılması ehtimalı barədə xəbərdarlıq ediblər. Mənbə bildirib ki, Rusiya enerji obyektlərinə növbəti hücumlar baş verərsə, Vaşinqton kəşfiyyat məlumatlarının paylaşılmasını dərhal dayandıra bilər.
Lakin nəşr qeyd edir ki, hazırda ABŞ-nin Ukraynaya kəşfiyyat dəstəyi tam dayandırılmayıb. Buna baxmayaraq, xəbərdarlığın qüvvədə qaldığı bildirilir.
ABŞ kəşfiyyatının peyklər və digər texniki vasitələrlə əldə etdiyi məlumatlar Ukrayna üçün xüsusilə Rusiya raketlərinin vaxtında aşkarlanması və hava hücumları barədə əvvəlcədən xəbərdarlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərdarlıqlarla bağlı məlumat Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamaları fonunda yayılıb.
Zelenski bildirib ki, Rusiya ordusunun Kiyevə ballistik raket hücumları zamanı Ukrayna tərəfi bəzi hallarda Qərb tərəfdaşlarından əvvəlcədən kəşfiyyat məlumatı almayıb. Ukrayna Prezidenti bu cür xəbərdarlıqların mülki əhalinin həyatının qorunması və hava hücumundan müdafiənin səmərəliliyi üçün vacib olduğunu vurğulayıb.
Bununla belə, Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuriy İhnat sonrakı hücum dalğaları zamanı tərəfdaşlardan ballistik raketlərlə bağlı xəbərdarlıqların daxil olduğunu təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp da məsələyə münasibət bildirib. O, oktyabrın 13-də jurnalistlərə açıqlamasında Vaşinqtonun Ukraynaya yardım göstərməyə və kəşfiyyat məlumatlarını paylaşmağa davam etdiyini təsdiqləyib.
Tramp müharibənin başa çatmasını istədiyini və ABŞ-nin bu istiqamətdə səylər göstərdiyini bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Zelenski də ABŞ tərəfindən xəbərdarlıqların edildiyini təsdiqləsə də, kəşfiyyat mübadiləsinin dayandırılması barədə qərarın hələ icra olunmadığını bildirib.
ABŞ administrasiyasının xəbərdarlıqları Ukraynanın Rusiya neft emalı zavodlarına və digər enerji obyektlərinə hücumları fonunda səsləndirilib.
Vaşinqtonun bu hücumların dayandırılmasını istəməsi enerji bazarındakı vəziyyət və müharibənin diplomatik yolla həlli istiqamətində aparılan danışıqlarla əlaqələndirilir.
“The Washington Post” oktyabrın 12-də də ABŞ və NATO rəsmilərinin Ukraynaya Rusiya neft emalı müəssisələrinə zərbələrin davam etdirilməsinin hərbi yardım və kəşfiyyat əməkdaşlığı üçün nəticələr doğura biləcəyi barədə xəbərdarlıq etdiyini yazmışdı.