ABŞ-İsrail və İran müharibəsində ölənlərin sayı açıqlandı

ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra Yaxın Şərqin müxtəlif ölkələrində yüzlərlə insan həlak olub. "Reuters" martın 9-na olan itkilərin statistikasını açıqlayıb.

30

ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Yaxın Şərqin müxtəlif bölgələrində onlarla insan həyatını itirib. Münaqişə qısa müddətdə regiona yayılaraq ABŞ hərbi bazalarının yerləşdiyi ölkələri və bir sıra qonşu dövlətləri də təsir altına alıb.

Martın 9-na olan məlumatlara görə, müharibə nəticəsində müxtəlif ölkələrdə yüzlərlə insan həlak olub. Rəqəmlər müvafiq dövlət qurumları və rəsmi mənbələr tərəfindən açıqlansa da, “Reuters” bu məlumatları müstəqil şəkildə təsdiqləmədiyini qeyd edir.

İran

İran Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, ölkədə azı 1230 nəfər həlak olub. Ölənlər arasında Minab şəhərində ibtidai məktəbə edilən raket zərbəsi nəticəsində həyatını itirən 175 məktəbli və məktəb əməkdaşı da var.

Bundan əlavə, İran ordusu bildirib ki, ABŞ-a məxsus sualtı qayıq tərəfindən Şri-Lanka sahilləri yaxınlığında İran hərbi gəmisinin batırılması nəticəsində ən azı 104 nəfər ölüb. Bu rəqəmlərin Qırmızı Aypara tərəfindən açıqlanan ümumi statistikaya daxil olub-olmadığı dəqiq deyil.

İsrail

İsrail ordusunun məlumatına görə, Cənubi Livanda iki hərbçi həlak olub. Bu, Hizbullahla yenidən başlayan qarşıdurmadan sonra ilk hərbi itkilərdir.

Bundan əlavə, İran raket hücumu nəticəsində 11 mülki şəxs həyatını itirib. Onlardan 9 nəfəri martın 1-də Qüds yaxınlığındakı Beyt Şemeş şəhərinə edilən hücum zamanı ölüb.

ABŞ

ABŞ ordusunun açıqlamasına görə, İrana qarşı əməliyyatlar zamanı 7 amerikalı hərbçi həlak olub.

Livan

Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail zərbələri nəticəsində ölkədə ən azı 394 nəfər, o cümlədən 83 uşaq həyatını itirib.

Körfəz ölkələri

Regiondakı bir sıra ölkələrdə də münaqişənin təsiri nəticəsində itkilər qeydə alınıb.

Səudiyyə Ərəbistanında Əl-Xarc şəhərində yaşayış ərazisinə düşən mərmi nəticəsində 2 nəfər ölüb. Bəhreyndə raketin vurulmasından sonra sənaye zonasında baş verən yanğında 1 nəfər həlak olub. Küveytdə İran hücumları nəticəsində 1 uşaq, həmçinin iki polis və iki hərbçi ölüb. Birləşmiş Ərəb Əmirliklərində 4 nəfərin öldüyü bildirilib.

Digər ölkələr

Oman sahillərində raket zərbəsi nəticəsində tankerə dəyən mərmi 1 nəfərin ölümünə səbəb olub.

Suriyanın cənubundakı Sveyda şəhərində İran raketinin yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb. İraqda isə polis və səhiyyə mənbələrinin məlumatına görə, münaqişə ilə bağlı hadisələrdə azı 15 nəfər həyatını itirib. Bundan əlavə, İranın dəstəklədiyi silahlı qruplardan birinin komandiri martın 5-də hava zərbəsi nəticəsində öldürülüb.

Analitiklər hesab edirlər ki, ABŞ-İsrail və İran arasında hərbi qarşıdurma qısa müddətdə regional münaqişəyə çevrilə bilər. Yaxın Şərqin bir sıra ölkələrində ABŞ hərbi bazalarının yerləşməsi isə gərginliyin daha geniş coğrafiyaya yayılması riskini artırır.