Çin-kanadalı şərhçi Szyan Syuesin ABŞ-ın İranda quru əməliyyatına dekabrda başlaya biləcəyini iddia edib.
MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan müsahibə fraqmentində “Professor Szyan” kimi tanınan şərhçi ABŞ-ın sonda İranda quru qoşunlarından istifadə etməyə məcbur qalacağını bildirib.
Onun sözlərinə görə, quru əməliyyatı Vaşinqton üçün “fəlakət” ola bilər, lakin ABŞ-ın qarşıya qoyduğu hədəflərə yalnız hava zərbələri ilə çatması çətin görünür.
“Quru qoşunları fəlakət olardı. Amma mən hələ də inanıram ki, sonda ABŞ onlardan istifadə etməyə məcbur qalacaq”, – Szyan bildirib.
O, ABŞ ordusunun hazırda vaxt qazandığını iddia edib. Szyana görə, İran ərazisində yay aylarında temperaturun yüksək olması quru əməliyyatını çətinləşdirir və Vaşinqton daha əlverişli hava şəraitini gözləyə bilər.
“Hazırda İranda həqiqətən çox istidir. Quru işğalına başlamazdan əvvəl daha sərin havanı gözləmək lazımdır”, – şərhçi qeyd edib.
Szyan Syuesin ABŞ-ın böyük hərbi hazırlıq gördüyünü də iddia edib. Onun sözlərinə görə, “göndərilməyə hazır 660 min amerikalı hərbçi” hələ də təşkilatlanmış vəziyyətdə saxlanılır.
Bununla belə, bu rəqəm rəsmi mənbələrlə təsdiqlənmir. “Reuters” mart ayında yazırdı ki, ABŞ-ın Yaxın Şərqdə 50 mindən çox hərbçisi var və Vaşinqton əlavə dəniz piyadaları və hərbi gəmilər göndərməklə regiondakı imkanlarını artırır.
Agentliyin məlumatına görə, həmin dövrdə ABŞ administrasiyası İranla bağlı müxtəlif hərbi variantları, o cümlədən quru qüvvələrinin İran ərazisində məhdud missiyalara cəlb edilməsini müzakirə edirdi. Lakin rəsmi qərar açıqlanmamışdı.
Reuters-in digər məlumatında Ağ Ev rəsmisi bildirmişdi ki, “hazırda quru qoşunlarının göndərilməsi barədə qərar yoxdur”, lakin prezident bütün variantları masa üzərində saxlayır.
Szyan isə bu mövqeyin ABŞ-ın real niyyətlərini gizlətmək üçün istifadə oluna biləcəyini iddia edir. Onun fikrincə, imzalanmış qarşılıqlı anlaşma memorandumuna baxmayaraq, ABŞ qüvvələri hazır vəziyyətdə qalır.
“Düşünürəm ki, indi gözləmə rejimindəyik. Amma sonda onların İranda olduğunu görəcəksiniz”, – Szyan bildirib.
O, mümkün əməliyyatın vaxtı ilə bağlı da proqnoz verib. Şərhçinin fikrincə, ABŞ quru əməliyyatına ən gec gələn ilin martına qədər başlaya bilər.
“Bu, artıq dekabrda da baş verə bilər”, – Szyan deyib.
Szyan Syuesin son aylarda ABŞ-İran müharibəsi ilə bağlı proqnozları ilə sosial şəbəkələrdə geniş müzakirə olunur. O, Pekində yaşayan çin-kanadalı müəllimdir və “Predictive History” adlı “YouTube” kanalı vasitəsilə geniş auditoriya qazanıb. Nəşr qeyd edir ki, o, Trampın qayıdışı və ABŞ-ın İranla müharibəsi barədə əvvəlki proqnozlarına görə tərəfdarları tərəfindən “Çinin Nostradamusu” adlandırılır.
Bununla belə, Qərb mediası onun yanaşmalarına ehtiyatla yanaşır. SCMP qeyd edir ki, Jiangın bəzi fikirləri konspirologiyaya yaxın hesab olunur və onun proqnozları rəsmi kəşfiyyat məlumatı yox, şəxsi geosiyasi təhlil kimi qiymətləndirilməlidir.
Hazırda ABŞ və İran arasında memorandumun icrası ilə bağlı diplomatik proses davam edir. Tərəflər hələ də birbaşa üz-üzə görüş keçirməyib və danışıqlar əsasən vasitəçilər üzərindən aparılır. Əsas mübahisələrdən biri Hörmüz boğazında hərəkət qaydaları və İranın orada mümkün ödəniş mexanizmi tətbiq etmək istəyi ilə bağlıdır.