ABŞ-İran müharibəsi: Trampın balans siyasəti və Xarq adası – TƏHLİL

Siyasi araşdırmaçı Kamran Cəfərov ABŞ-İran gərginliyini, Trampın daxili balans siyasətini və Fars körfəzində Xarg adasının strateji əhəmiyyətini, eləcə də müharibə perspektivini təhlil edir.

68

Son günlər ABŞ-da İran məsələsi ətrafında ciddi fikir ayrılıqları və siyasi gərginlik müşahidə olunur. Respublikaçı Partiya daxilində iki əsas qanad bir-birinə qarşı çıxır: izolyasionistlər (Taker Karlson, İlon Mask, M.T. Qrin, Stiv Bennon, C.D. Vens və s.) müharibəyə qarşı çıxır, xarici müdaxilələrdən uzaq durmağı tələb edir; neokonservatorlar (Rubio, Nikki Heyli, Bolton, Pompeo, Ted Kruz, Lindsi Grem) isə hərbi əməliyyatları və ABŞ-ın regiondakı fəal rolunu dəstəkləyirlər.

Siyasi araşdırmaçı Kamran Cəfərov qeyd edir ki, Tramp bu iki qanad arasında “tarazlıq” siyasəti aparmaq məcburiyyətindədir: faktiki olaraq neokonservatorların istədiyini həyata keçirir, izolyasionistləri isə söz və bəyanatlarla ümidləndirir, “müharibə sona çatır” mesajını verir.

ABŞ-ın potensial quru əməliyyatı Fars körfəzində yerləşən Xarq adasının ələ keçirilməsi üzərində cəmlənir. Xarq adası İranın əsas neft terminalıdır və ölkənin neft ixracının 90%-i buradan həyata keçirilir. Kamran Cəfərov bildirir ki, adanın ABŞ nəzarətinə keçməsi İranın neft ixrac imkanlarını məhdudlaşdıracaq və Çin üçün strateji enerji təchizatı ciddi zərbə alacaq. Bu, regionda hərbi və iqtisadi təzyiq vasitəsi kimi ABŞ-ın əlini gücləndirəcək.

Trampın hərbi əməliyyatları 1973-cü ilin “War Powers Resolution” qanununa əsaslanır və bu qanun ona 90 gün müddətində əməliyyat aparmaq imkanı verir. ABŞ-ın hərbi resursları İranın hərbi infrastrukturunu sıfırlamaq üçün kifayətdir, yalnız vaxt tələb olunur. Bu 90 günlük müddət ABŞ-ın hərbi üstünlüyünü tam reallaşdırmaq üçün yetərlidir.

Həmçinin ABŞ-da tez-tez səslənən “İsrail sürüklədi” və “İsrail diktə edir” fikirləri regional geosiyasəti tam əks etdirmir. Kamran Cəfərov qeyd edir ki, hərbi planlar və diplomatik addımlar ABŞ-ın daxili siyasi balansı, neokonservatorlar və izolyasionistlərin tələbləri ilə formalaşdırılır. Trampın açıqlamaları müharibənin müddətini uzatmaq və daxili partiya bölünməsini idarə etmək üçün taktiki bir addım kimi qiymətləndirilə bilər.

Müharibə perspektivindən baxdıqda, Xarq adasının ələ keçirilməsi yalnız İranın neft ixracına deyil, həmçinin regional hərbi balansın formalaşmasına da təsir edəcək. ABŞ-ın Fars körfəzi və Xəzər regionunda mövcud hərbi üstünlüyü, eləcə də İranın strateji zəiflikləri bu əməliyyatın mümkünlüyünü artırır. Nəticədə, ABŞ-İran qarşıdurması yalnız diplomatik və iqtisadi təzyiqlərlə məhdudlaşmayacaq, potensial olaraq quru əməliyyatı və regional müharibə riski ilə ciddi nəticələr doğura bilər.

Bu kontekstdə Kamran Cəfərov vurğulayır ki, Trampın açıqlamaları və hərbi planları həm daxili siyasi balansın qorunması, həm də regionda ABŞ-ın strateji üstünlüyünün təmin edilməsi məqsədi daşıyır. İran məsələsi yalnız ABŞ-ın daxili siyasətində deyil, qlobal enerji təhlükəsizliyi və regionda müharibə potensialı baxımından da kritik əhəmiyyət kəsb edir.

Ekspert sonda vurğulayır ki, ABŞ siyasətini silkələyən son hadisə Ali Məhkəmənin Trampa tariflərin (gömrük rüsumlarının) tətbiqi qadası oldu. Tramp üçün tariflər xarici siyasətdə əsas təzyiq rıçaqı idi və Ali Məhkəmənin qərarı Trampı “kartsız” qoydu. Trampın apreldə Çinə səfəri gözlənilir, əlində isə “kart” yoxdur. İran, Çinlə danışıqlarda Tramp üçün çox güclü və təsirli “kart” ola bilər.

TƏHLİL | Kamran CƏFƏROV