ABŞ-İran arasında İslamabad danışıqları – GƏRGİNLİK ARTIR

ABŞ və İran arasında 11 aprel İslamabad danışıqları öncəsi əsas ziddiyyətlər formalaşıb. Livan atəşkəsi, dondurulmuş İran aktivləri, Hörmüz boğazı və nüvə məsələsi görüşün taleyini müəyyən edə bilər. 

23

ABŞ və İran arasında birbaşa təmasların 11 aprel, şənbə günü Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir. Danışıqlar iki həftəlik kövrək atəşkəs fonunda baş tutur və tərəflər hələ masa arxasına oturmamış əsas məsələlər üzrə ciddi fikir ayrılığı nümayiş etdirirlər.

Donald Tramp isə danışıqlar ərəfəsində “Truth Social”-da kriptik paylaşım edərək “WORLD’S MOST POWERFUL RESET!!!”, yəni “DÜNYANIN ƏN BÖYÜK SIFIRLAMASI” ifadəsini işlədib, daha sonra isə razılaşma alınmasa yeni zərbələrdən danışıb.

Hazırda ən dəqiq təsdiqlənən məqam budur ki, ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edəcək və onu Stiv Uitkoff ilə Cared Kuşner müşayiət edəcək. “Reuters” yazır ki, İran tərəfi də bu dəfə daha yüksək siyasi çəkili heyətlə gəlir: danışıqlarda parlament sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Araqçi və Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqir Zolqadrın iştirakı gözlənilir.

İranın mövqeyi son saatlarda daha da sərtləşib. Qalibaf danışıqlardan əvvəl iki əsas şərtin yerinə yetirilmədiyini bildirib: Livanda atəşkəsin təmin olunmamasıİranın dondurulmuş aktivlərinin açılmaması. Eyni zamanda, Tehran açıq siqnal verir ki, İsrailin Livandakı hücumları davam edərsə, bu, ABŞ-la danışıqları mənasız edə bilər. İran prezidenti Məsud Pezeşkian da dünən İsrailin Livana zərbələrinin danışıqları “məntiqsiz” hala gətirdiyini deyib.

Vaşinqton isə geri çəkilmədiyini göstərməyə çalışır. Vens yola düşməzdən əvvəl bildirib ki, ABŞ “açıq əl uzatmağa” hazırdır, amma İran da eyni dərəcədə səmimi davranmalıdır. Ağ Ev son qərarın yalnız Trampa məxsus olduğunu vurğulayır və razılaşma baş tutmasa, ABŞ-ın yenidən hərbi eskalasiyaya dönə biləcəyi mesajını saxlayır.

Danışıqların gündəliyində ən ağır mövzulardan biri yenə də Hörmüz boğazı olacaq. ABŞ üçün əsas hədəf boğazdan təhlükəsiz və maneəsiz keçidin bərpasıdır. İran isə daimi saziş çərçivəsində boğaz üzərində nəzarətini, keçid rejimi və bəzi hallarda rüsum məsələsini gündəmdə saxlayır. “Reuters” həmçinin bildirir ki, hələ də İranın blokadanı tam qaldırdığına dair aydın əlamət yoxdur və bu məsələ danışıqların ən kritik testinə çevrilib.

İslamabadda təhlükəsizlik tədbirləri də görüşün nə qədər həssas olduğunu göstərir. Pakistan hakimiyyəti paytaxtın bəzi hissələrini faktiki bağlayıb, Serena Hotel hökumət nəzarətinə götürülüb, ətraf yollar möhürlənib, əlavə blok-postlar qurulub və təhlükəsizlik qüvvələri artırılıb. Bu səbəbdən bəzi medialarda hallanan Məhəmməd Əli Cinnah adına konfrans mərkəzi versiyasından fərqli olaraq, “Reuters”-in son məlumatında əsas ehtimal olunan məkan məhz, Serena Hotel göstərilir.

Başqa sözlə, sabahkı görüş sadəcə diplomatik protokol hadisəsi deyil. Bu təmas ya kövrək atəşkəsi daha davamlı formata daşıyacaq, ya da Livan, nüvə proqramı, dondurulmuş aktivlər və Hörmüz boğazı kimi düyünlər üzündən ilk gündən çıxılmaz vəziyyətə düşəcək. İndiki mənzərə göstərir ki, masa qurulsa da, tərəflər hələ ortaq dilə yox, daha çox qarşılıqlı təzyiq dilinə yaxın görünürlər.