“Aaron Feller” öldü

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq üzrə tanınmış analitiki, "Kurtlar Vadisi Pusu" serialındakı Aaron Feller obrazının prototipi Qraham Fuller 89 yaşında vəfat edib. O, İran və Türkiyə ilə bağlı mövqeləri ilə tanınırdı.

40

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Yaxın Şərq və İslam dünyası üzrə tanınmış ekspertlərindən biri, qurumun mühüm fiqurlarından sayılan, həmçinin məşhur türk serialı “Kurtlar Vadisi Pusu” serialındakı Aaron Feller obrazının prototipi Qraham E. Fuller 89 yaşında vəfat edib. Onun yanvar ayında dünyasını dəyişdiyi bildirilir.

Fuller uzun illər MKİ-də fəaliyyət göstərib, xüsusilə Əfqanıstan, Türkiyə və bir sıra ərəb ölkələri üzrə əməliyyat və analitik istiqamətlərdə çalışıb. O, ABŞ-ın Yaxın Şərq siyasətinin formalaşmasında iştirak edən əsas analitiklərdən biri kimi tanınıb.

O, eyni zamanda bir neçə kitabın müəllifi idi. Onun əsərləri arasında “Yeni Türkiyə Cümhuriyyəti” və “Siyasi İslamın Gələcəyi” kimi nəşrlər yer alır. Fuller akademik və analitik çevrələrdə siyasi islam, regionun transformasiyası və geosiyasi balans məsələləri üzrə mövqeləri ilə seçilirdi.

Türkiyədə isə onun adı zaman-zaman mübahisələrdə hallanıb. O, Fətullah Gülənə dəstək verməkdə, hətta 15 iyul çevriliş cəhdində dolayı rol almaqda ittiham olunub. Bu iddialar rəsmi şəkildə sübuta yetirilməsə də, mediada geniş müzakirə edilib.

Qraham Fuller İranla bağlı baxışları ilə də diqqət çəkirdi. O, İranı “Şərqin Qərbi” adlandırırdı. Fuller hesab edirdi ki, İranda modernləşmənin əsasını şah rejimi qoysa da, mövcud sistemin formalaşmasında dini hakimiyyət də mühüm rol oynayıb. O, İranda seçki institutunun mövcudluğunu, parlament mexanizmini və ali dini rəhbərin belə müəyyən seçki mexanizmi ilə müəyyənləşməsini ölkənin ərəb dövlətlərindən fərqləndirən amillər kimi göstərirdi.

Fullerə görə, bu xüsusiyyətlər İranı Yaxın Şərqdə Qərbə daha yaxın və sistem baxımından daha dayanıqlı ölkələrdən birinə çevirirdi. O, həmçinin İranın qədim dövlətçilik ənənələrinə və “böyük irançılıq” fəlsəfəsinə simpatiya ilə yanaşırdı. Fuller fransız filosofu Mişel Fuko ilə paralel olaraq İranı özünəməxsus siyasi model və xüsusi kult fenomeni kimi dəyərləndirirdi.

Onun vəfatı ABŞ kəşfiyyat və analitik dairələrində mühüm bir dövrün sonu kimi qiymətləndirilir.