Azərbaycan Prezidenti Gəncə şəhəri və Şəmkir rayonu ərazisində Qərb Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb.
Fərman 15 yanvar 2026-cı il tarixində qüvvəyə minib və ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsini, sahibkarlığın dəstəklənməsini, müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsini, regionlarda iqtisadi fəallığın və məşğulluğun artırılmasını hədəfləyir.
Sənədə əsasən, Qərb Sənaye Parkının təşkili, idarə edilməsi və inkişafı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə olunub. Park sahibkarların səmərəli fəaliyyətini təmin edən müasir infrastrukturla təchiz ediləcək və istehsal, emal və xidmət sahələrində fəaliyyət göstərən rezidentlər üçün əlverişli biznes mühiti formalaşdırılacaq.
Fərmana uyğun olaraq, sənaye parkının fəaliyyətinin təşkili və ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin mərhələdə 500 min manat vəsait ayrılıb. Bu vəsait layihələndirmə işlərinin həyata keçirilməsinə yönəldiləcək.
Nazirlər Kabinetinə üç ay müddətində Gəncə şəhərində “Azəralüminium” MMC-nin istifadəsində olan 81,8 hektar dövlət torpaq sahəsinin, eləcə də Şəmkir rayonunun Könüllü kəndində yerləşən 100 hektar bələdiyyə torpağının təyinatının dəyişdirilərək Qərb Sənaye Parkının istifadəsinə verilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə iki ay ərzində Qərb Sənaye Parkında istehsal və emal olunacaq məhsullar, həmçinin göstəriləcək xidmətlər üzrə prioritet istiqamətləri müəyyən edərək Prezidentə təqdim etməlidir. Parkın yaradılması regionda sənaye potensialının gücləndirilməsinə və yeni iş yerlərinin açılmasına mühüm töhfə verəcək.