Maduronun devrilməsi: gecikmiş qisas və ya klanların “taxt oyunları” – TƏHLİL

ABŞ-ın Venesuelaya əməliyyatı, Nikolas Maduronun devrilməsi və Rodrígez klanının yüksəlişi. Venesuela siyasətinin pərdəarxası “taxt oyunları”na analitik baxış.

121

Bu gün dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi dörd saatlıq əməliyyat və Prezident Nikolas Maduronun öz yataq otağından götürülərək ABŞ-a aparılmasıdır. Artıq heç kimdə şübhə yoxdur ki, Maduronun devrilməsi onun ən yaxın ətrafının xəyanəti olmadan mümkün ola bilməzdi. Daxildən ciddi dəstək göstərilməsəydi, ABŞ-ın bir nəfər əsgərinin belə burnu qanamadan belə bir əməliyyat keçirməsi, Maduronu evində, yatağında həbs edib ölkədən çıxarması real görünməzdi.

Bu gün baş verənləri anlamaq üçün təxminən 50 il əvvələ qayıtmaq lazımdır. Hadisələrin təməli məhz, oradadır. Lakin əsas qırılma nöqtəsinin Uqo Çavesin varis planında yarandığı indi daha aydın görünür.

Venesuelanın vitse-prezidenti, dünəndən etibarən Venesuela Konstitusiya Məhkəməsi tərəfindən ölkənin qanuni və faktiki rəhbəri elan edilən Delsi Rodrigez, mənim fikrimcə, bütün bu siyasi hekayənin əsas aktrisasıdır. Onun doğma qardaşı Xorxe Rodrígez isə prosesin baş rejissoru rolunu oynayır.

1969-cu ildə Venesuelada “Liga Socialista” adlı siyasi hərəkat yaranır. Bu hərəkatın təsisçisi və rəhbəri Venesuelanın varlı təbəqəsindən çıxmış Antonio Rodrígez idi. Onun iki övladı vardı – qızı Delsi və oğlu Xorxe.

1976-cı ildə Antonio Rodrígez həbs olunur və istintaq zamanı müəmmalı şəkildə həyatını itirir. Buna baxmayaraq, ailənin maddi imkanları sayəsində həyat yoldaşı hər iki övlada yüksək təhsil verməyə nail olur. Oğlu Xorxe həkim, qızı Delsi isə hüquqşünas (əmək hüququ üzrə mütəxəssis) olur. Delsi bir müddət Fransada yaşayır, orada təhsil alır və daha sonra Venesuelaya qayıdır.

Uqo Çaves hakimiyyətə gəldikdən sonra bacı-qardaşa yüksək vəzifələr verir. Uzun müddət hamı Çavesin öz varisi kimi Xorxe Rodrígezi elan edəcəyini gözləyirdi. Həmin dövrdə Xorxe vitse-prezident idi. Lakin Çaves hesab etdi ki, Xorxenin xarizması zəifdir və bu səbəbdən keçmiş avtobus sürücüsü, alovlu çıxışları ilə seçilən həmkarlar ittifaqı lideri Nikolas Maduronu öz varisi elan etdi.

Maduro Rodrígez klanının gücünü yaxşı bildiyi üçün Delsi Rodrígezi vitse-prezident, Xorxe Rodrígezi isə Karakasın meri və parlamentin sədri kimi yüksək postlara təyin etməyə məcbur oldu. Lakin görünən odur ki, bacı-qardaş gözləməkdən bezmişdi. Onlar Maduronun hakimiyyətdən könüllü şəkildə getməyəcəyini anladılar və böyük ehtimalla ABŞ-dan tam zəmanət aldılar.

Bu zəmanətə görə Nobel mükafatı almış müxalifət liderinin ölkəyə buraxılmayacağı, hakimiyyətin isə məhz, bu klanın əlinə keçəcəyi vəd edilirdi. Məhz, buna görə də ABŞ-a daxildən ciddi dəstək göstərildi. Nəticədə Rodrígez klanı Çavesin və Maduronun onlara qarşı illərlə davam edən qısqanc və ehtiyatlı münasibətinin qisasını almağa nail oldu, yaxud buna çox yaxınlaşdı.

Tarix boyu müxtəlif ölkələrdə bu cür “taxt oyunları” bəzən inqilab, bəzən xalq üsyanı, bəzən isə güclü bir dövlətin unikal hərbi-siyasi əməliyyatı kimi təqdim edilib. Əslində isə çox zaman pərdə arxasında klan maraqları, şəxsi qisaslar və uzun illərin hesablaşmaları dayanıb.

Natiq Cəfərli

Analitik təhlil| Natiq Cəfərli, ReAl Partiyasının sədri