Tramp əlindəki qançırların səbəbini açıqladı

ABŞ Prezidenti Donald Tramp, sağ əlindəki qançırların səbəbi olaraq həkimlərinin tövsiyə etdiyindən artıq aspirin qəbul etdiyini açıqlayıb. 25 illik müntəzəm istifadədən danışıb və sağlamlığı ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.

69

ABŞ Prezidenti Donald Tramp həkimlərinin tövsiyə etdiyindən daha yüksək dozada aspirin qəbul etdiyini açıqlayıb və bunun səbəbindən sağ əlində qançırların meydana gəldiyini bildirib.

Tramp “Wall Street Journal”-a (WSJ) verdiyi müsahibədə sağlamlığı ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.

Prezident bildirib ki, həkimlərinin tövsiyə etdiyindən artıq aspirin qəbul etməsi, əlindəki görünən qançırların əsas səbəbidir:

“Aspirinin qanı durulaşdırmaq üçün faydalı olduğunu deyirlər. Mən ürəyimdən qanımın laxta-laxta axmasını istəmirəm. İncə, sağlam qan axmasını istəyirəm. Anlaşıldı mı?”

Tramp həmçinin 25 ildir müntəzəm olaraq aspirin istifadə etdiyini və bəzi “batil inanc”lara sahib olduğunu qeyd edib. O, ayağındakı şişliklər üçün xüsusi corablar sınadığını, lakin bundan xoşlanmadığı üçün istifadəni dayandırdığını əlavə edib.

Prezident uzun müddət yatmadığını, idmanı sevmədiyini və qaçış maşınında uzun müddət məşq etməyin ona uyğun olmadığını bildirib. Həmçinin bəzi toplantılarda yatması ilə bağlı iddiaları təkzib edərək, yalnız gözlərini dincəltdiyini, çox insanın eyni anda danışdığı zaman isə eşitmə çətinliyi yaşadığını bildirib.

ABŞ mətbuatı Trampın sağ əlində aylardır keçməyən qançırlar olduğunu, sol əlində də rəng dəyişimi və yüngül qançırlar müşahidə olunduğunu vurğulamışdı. Ağ Ev isə bunu Trampın davamlı əl sıxması və müntəzəm aspirin qəbul etməsi ilə əlaqələndirmişdi.

Qeyd edək ki, Tramp son prezidentlik seçkilərində keçmiş ABŞ Prezidenti Co Baydeni yaşlılığı və sağlamlıq problemlərinə görə tez-tez tənqid etmiş, onun prezidentlik vəzifəsini davam etdirməyə uyğun olmadığını irəli sürmüşdü.