Çin texnologiya şirkətlərinin süni intellekt çiplərinə artan tələbatı fonunda “Nvidia” istehsal gücünü artırmaq üçün Tayvanın aparıcı yarımkeçirici istehsalçısı “TSMC” ilə danışıqlara başlayıb.
“Reuters“-ə istinadən qeyd edirik ki, Çin şirkətləri 2026-cı il üçün 2 milyondan çox “H200” süni intellekt çipi sifariş edib, halbuki “Nvidia”-nın hazırda cəmi 700 min ədəd mövcud ehtiyatı var.
Mənbələr bildirir ki, “Nvidia”-nın TSMC-dən nə qədər əlavə çip sifariş edəcəyi hələ dəqiqləşməyib. Bununla belə, üçüncü mənbəyə görə, şirkət artıq “TSMC”-dən əlavə istehsala başlamasını istəyib və genişləndirilmiş istehsalın 2026-cı ilin ikinci rübündə başlaması gözlənilir.
Bu addım qlobal süni intellekt çipi bazarında yeni gərginlik riski yaradır. “Nvidia” bir tərəfdən Çin bazarından gələn güclü tələbatı qarşılamağa, digər tərəfdən isə dünyanın digər bölgələrində mövcud məhdud təchizat balansını qorumağa çalışır. Eyni zamanda, risklər də qalmaqdadır, çünki Pekin hələlik “H200” çiplərinin idxalına rəsmi icazə verməyib. ABŞ Prezidenti Donald Tramp administrasiyası yalnız bu ay “H200” çiplərinin Çinə ixracına yaşıl işıq yandırıb.
Mənbələrin sözlərinə görə, “Nvidia” Çin bazarı üçün təqdim ediləcək “H200” variantlarını müəyyənləşdirib və bu çiplərin qiyməti təxminən 27 min dollar səviyyəsində olacaq. “Nvidia” məsələ ilə bağlı şərhində tədarük zəncirini davamlı şəkildə idarə etdiyini bildirib və vurğulayıb ki, Çinə lisenziyalı satışlar ABŞ-dakı müştərilərin təchizatına mənfi təsir göstərməyəcək. Şirkət həmçinin qeyd edib ki, Çin yüksək rəqabətli bazardır və ABŞ ixracının tam bloklanması milli və iqtisadi təhlükəsizliyə zərər verə bilər.
“Reuters”-in məlumatına görə, mümkün sifariş “H200” istehsalının əhəmiyyətli dərəcədə artırılması deməkdir. Bu isə “Nvidia”-nın hazırda əsas diqqətini daha yeni “Blackwell” və gələcək “Rubin” çip xətlərinə yönəltdiyi bir dövrə təsadüf edir. Hopper arxitekturasına aid olan “H200” çipləri “TSMC”-nin 4 nanometrlik texnologiyası ilə istehsal olunur.
“Nvidia” ilkin sifarişləri mövcud ehtiyatlardan qarşılamağı planlaşdırır və ilk “H200” partiyasının fevralın ortalarında, Ay Yeni ili ərəfəsində çatdırılması gözlənilir. Çin bazarına yönəlmiş mövcud ehtiyatın təxminən 100 min ədədi “GH200 Grace Hopper” superçipidir, qalan hissə isə ayrıca “H200” çiplərindən ibarətdir. Hər iki variant Çin müştərilərinə təqdim ediləcək.
Məlumata görə, səkkiz çipdən ibarət bir modulun qiyməti təxminən 1,5 milyon yuan olacaq ki, bu da artıq bazardan çıxarılmış “H20” modulundan bahadır. Lakin “H200” çipləri “H20” ilə müqayisədə təxminən altı dəfə daha yüksək performans təqdim etdiyindən Çin şirkətləri qiyməti məqbul hesab edir. Üstəlik, bu qiymət qeyri-rəsmi bazardakı alternativlərlə müqayisədə təxminən 15 faiz daha ucuzdur.
Çinin aparıcı texnologiya nəhəngləri tələbatın əsas hərəkətverici qüvvəsidir. “South China Morning Post” qəzetinin məlumatına görə, “ByteDance” şirkəti 2026-cı ildə “Nvidia” çiplərinə 100 milyard yuan xərcləməyi planlaşdırır. Bu rəqəm 2025-ci illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Bununla yanaşı, tənzimləyici qeyri-müəyyənlik davam edir. Çin rəsmiləri hələlik “H200” idxalına dair yekun qərar verməyib. Hakimiyyət orqanları xarici qabaqcıl çiplərə çıxışın yerli süni intellekt yarımkeçirici sənayesinin inkişafını ləngidə biləcəyindən narahatdır. Müzakirə edilən variantlardan biri hər “H200” alışının yerli istehsal çipləri ilə müəyyən nisbətdə paketlənməsi şərtidir.