Banqladeşin ilk qadın baş naziri Xaleda Ziya vəfat edib

Banqladeşin ilk qadın baş naziri, BNP lideri Xaleda Ziya uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

145

1991-ci ildə Banqladeşin ilk qadın baş naziri olan və ölkə siyasətinə onilliklər boyu damğasını vuran Xaleda Ziya uzun sürən xəstəlikdən sonra çərşənbə axşamı 80 yaşında vəfat edib. 

Müxalif Banqladeş Milliyyətçi Partiyası (BNP) Ziyanın ölümünü təsdiqləyib. Həkimlərin məlumatına görə, o, qaraciyərin ağır sirrozu, artrit, şəkərli diabet, eləcə də, ürək və döş qəfəsi problemlərindən əziyyət çəkirdi.

Xaleda Ziya 2025-ci ilin əvvəlində müalicə üçün Londona getmiş, dörd ay sonra ölkəyə qayıtmışdı.

2006-cı ildən hakimiyyətdən kənarda qalmasına, bir neçə il həbsdə və ya ev dustaqlığında olmasına baxmayaraq, o və mərkəz-sağ yönümlü BNP cəmiyyətdə geniş dəstəyini qoruyub saxlamışdı.

BNP 2026-cı ilin fevralına planlaşdırılan parlament seçkilərində favorit sayılır. Partiyanın faktiki lideri və Xaleda Ziyanın oğlu, 60 yaşlı Tariq Rəhman ötən həftə təxminən 17 illik sürgündən sonra ölkəyə qayıdıb və baş nazirliyə əsas namizədlərdən biri kimi qiymətləndirilir.

2024-cü ilin avqustundan etibarən Banqladeş Nobel Sülh Mükafatı laureatı, mikro-maliyyələşmə pioneri Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət tərəfindən idarə olunur. Həmin ay tələbə hərəkatının başlatdığı etirazlar nəticəsində uzun illər ölkəyə rəhbərlik etmiş Şeyx Hasina hakimiyyətdən devrilmişdi.

Hasina 2024-cü ilin noyabrında tələbə etirazlarının qanlı şəkildə yatırılması ilə bağlı qiyabi olaraq edam cəzasına məhkum edilmişdi.

Xaleda Ziya siyasətə qədər sakit və ailəsinə bağlı həyat sürmüşdü. Onun həyat yoldaşı, hərbçi və prezident Ziyaur Rəhman 1981-ci ildə uğursuz çevriliş zamanı öldürüldükdən sonra Ziya siyasətə atıldı və 1984-cü ildə ərinin yaratdığı BNP-yə rəhbərlik etdi.

1990-cı ildə o, Banqladeşin qurucu liderinin qızı və “Avami Liqa”nın rəhbəri Şeyx Hasina ilə birlikdə hərbi lider Hüseyn Məhəmməd Erşadı devirən demokratik hərəkata başçılıq etdi. Lakin bu əməkdaşlıq qısa sürdü.

Onların uzun illər davam edən sərt rəqabəti Banqladeş siyasətində “döyüşən bəyimlər” (Battling Begums) ifadəsi ilə yadda qaldı.

1991-ci ildə keçirilən ilk azad seçkilərdə Xaleda Ziya gözlənilmədən qalib gələrək Banqladeşin ilk qadın baş naziri oldu. O, əsasən müsəlman ölkəsində demokratik yolla hakimiyyətə gələn ikinci qadın lider idi – birincisi Pakistanın keçmiş baş naziri Benazir Bhutto olmuşdu.

Ziya prezident idarəçiliyini ləğv edərək parlament sistemini bərpa etdi, xarici investisiyalara məhdudiyyətləri aradan qaldırdı və ibtidai təhsili məcburi və pulsuz etdi.

1996-cı ildə seçkiləri uduzsa da, 2001-ci ildə böyük üstünlüklə yenidən hakimiyyətə qayıtdı. Lakin ikinci dönəmi islamçı silahlı qrupların yüksəlişi və korrupsiya ittihamları ilə müşayiət olundu.

2004-cü ildə Şeyx Hasinanın iştirak etdiyi mitinqə qumbara atılması nəticəsində 20-dən çox insan həlak oldu. Həmin hadisəyə görə Ziyanın hökuməti və islamçı müttəfiqləri geniş tənqid olundu.

2006-cı ildə siyasi xaos fonunda ordu dəstəkli müvəqqəti hökumət hakimiyyəti ələ aldı. Xaleda Ziya və Şeyx Hasina təxminən bir il həbsdə saxlanıldıqdan sonra 2008-ci il seçkiləri ərəfəsində azadlığa buraxıldılar.

2018-ci ildə Xaleda Ziya korrupsiya ittihamı ilə həbs edilsə də, 2020-ci ildə səhhətinə görə ev dustaqlığına keçirildi. O, 2024-cü ilin avqustunda Hasinanın devrilməsindən sonra tam azadlığa buraxıldı.

2025-ci ilin əvvəlində Banqladeş Ali Məhkəməsi ona və oğluna korrupsiya işi üzrə bəraətə verdi.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.