“Kabus Ordu: İkinci Dünya Müharibəsinin qəribə və yaradıcı ordusu

Ghost Army və ya “Kabus Ordu” İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunun taktiki aldatma birliyi idi. Bu ordu düşməni şişmə tanklar, səs maşınları və saxta radio ötürücülərlə aldadırdı. Unikal heyəti və yaratdığı təsirlər haqqında ətraflı bələdçi.

78

Bu gün sizə çox maraqlı və nadir bir ordu “Kabus Ordu” haqqında məlumat verəcəyik. Bu ordunun tərkibi əsasən hərbçilərdən ibarət olmasa da, İkinci Dünya Müharibəsi zamanı almanlara ciddi zərbələr vurmağı bacarmışdır.

“Kabus Ordu” 20 yanvar 1944-cü ildə ABŞ ordusunun planlayıcıları mayor Ralf İngersoll və polkovnik Billi Harris tərəfindən yaradılıb və veteran polkovnik Harri Rider tərəfindən idarə edilib. Rəsmi olaraq 23-cü Baş Qərargah Xüsusi Qoşunları kimi tanınan bu birlik, ABŞ Ordusunun taktiki aldatma birliyi olaraq fəaliyyət göstərirdi. 82 zabit və 1023 nəfərdən ibarət 1100 nəfərlik bu orduya unikal bir missiya verilmişdi: Hitler qüvvələrini aldatmaq, müttəfiq orduların ölçüsü və yeri barədə çaşdırmaq və faktiki bölmələrin manevr etməsi üçün vaxt qazanmaq.

Ordunun yaradılması ideyası 1942-ci ildə Əl-Əlameyn döyüşü zamanı ingilis bölmələrinin aldatma texnikalarından gəlmişdi. “Kabus Ordu” may ayında “D-Day”dən əvvəl Avropaya gəldi və 1945-ci ilin iyulunda ABŞ-a geri qayıtdı. Fəaliyyəti ərzində 20-dən çox aldatma kampaniyası həyata keçirdi. Bu kampaniyalar şişmə tanklar, səs maşınları, saxta radio ötürücüləri və digər aldatma vasitələrindən istifadə etməklə düşməni yanıltdı. Bundan başqa, ordunun üzvləri əhalinin arasına qarışaraq müttəfiq orduların generallarını təqlid edirdilər ki, onları izləyən alman casuslarını çaşdırsınlar.

Xidmətə əsasən incəsənət məktəblərindən, reklam agentliklərindən və yaradıcı düşüncəni təşviq edən peşələrdən – memarlar, aktyorlar, rəssamlar, mühəndislər və s. qəbul edilirdi. Moda dizayneri Bill Blass, rəssam Ellsvort və fotoqraf Art Keyn kimi məşhur simalar da bu orduda xidmət edirdi.

Ordu şəxsi heyətinin sayı 1100 nəfər olsa da, texniki imkanların köməyi ilə 30 minədək hərbçinin olduğu təsiri yaradıla bilirdi. Bölmə təhlükəsizliyi 406-cı Döyüş Mühəndisləri, 603-cü Kamuflyaj Mühəndisləri və 3132 Siqnal Xidmətindən ibarət idi.

“Kabus Ordu”nun hekayəsi müharibədən sonra, 1996-cı ildə məxfiliyin ləğv olunmasına qədər 50 ildən çox sirr olaraq saxlanıldı. 2013-cü ildə PBS kanalı tərəfindən yayımlanan “The Ghost Army” sənədli filmi bu unikal ordunun fəaliyyətini əks etdirdi. 2022-ci ilin fevralında ordu üzvləri yüksək xidmətlərinə görə ABŞ Konqresinin Qızıl Medalına layiq görüldülər.