Davutoğlu: “İsrailin Somalilend planı regionu yeni müharibəyə sürükləyə bilər “

Əhməd Davutoğlu İsrailin Somalilenddəki planlarının regionu destabilizasiya edəcəyini bildirib. O, fələstinlilərin Somalilendə köçürülməsi ehtimalı barədə ciddi xəbərdarlıq edib.

109

Türkiyənin sabiq baş naziri Əhməd Davutoğlu İsrailin Somalilenddə başladığı prosesin təkcə bu bölgə ilə məhdudlaşmayacağını bildirib. Onun sözlərinə görə, söhbət uzun illərdir planlaşdırılan və Yaxın Şərqdə geosiyasi balansları dəyişməyi hədəfləyən genişmiqyaslı layihədən gedir.

Davutoğlu vurğulayıb ki, İsrailin əsas məqsədi Ədən körfəzi və Qırmızı dəniz kimi strateji əhəmiyyətə malik ərazilərə çıxışı təmin edən nöqtədə özündən asılı olan bir peyk-dövlət yaratmaqdır.

“Heç bir an belə düşünməyin ki, İsrailin Somalilenddə başlatdığı proses yalnız Somalilendlə məhdudlaşacaq. Bu layihə çox uzun müddətdir hazırlanır,” – deyə Davutoğlu qeyd edib.

Onun sözlərinə görə, bu plan bir tərəfdən Türkiyəni, Misiri və Səudiyyə Ərəbistanını, digər tərəfdən isə Yəməni regional mühasirəyə almağa və yeni vətəndaş müharibəsi ocaqları yaratmağa hesablanıb.

Davutoğlu, xüsusilə, diqqətçəkən və narahatedici bir məqama da toxunub. O bildirib ki, bu prosesin ən təhlükəli tərəfi fələstinlilərin Somalilendə köçürülməsi planıdır.

“Onların gizli razılaşmasının mahiyyəti də məhz budur. Onlar fələstinliləri Somalilendə köçürməyi planlaşdırırlar. İndi biz buna qarşı son dərəcə qətiyyət və israrla mübarizə aparmalıyıq,” – deyə sabiq baş nazir vurğulayıb.

Davutoğlu Somalilend əhalisinin bir hissəsinin İsrailin mümkün tanınma addımına sevindiyini, lakin bunun arxasında duran real məqsədləri düzgün qiymətləndirmədiyini bildirib.

“Somalilendin sadə sakinləri sadəlövhlüklə düşünürlər ki, İsrail onlara turizmi və kənd təsərrüfatını inkişaf etdirməkdə kömək edəcək, iqtisadiyyatlarına sərmayə yatıracaq. Amma onların əldə edəcəyi yeganə şey yeni bir müharibə olacaq,” – deyə o əlavə edib.

Sabiq baş nazirin fikrincə, bu cür planlar yalnız Somalilend üçün deyil, bütövlükdə Yaxın Şərq və Qırmızı dəniz hövzəsi üçün ciddi təhlükə yaradır və regional aktorlar buna qarşı koordinasiyalı mövqe ortaya qoymalıdırlar.