Tarixdə ən güclü və ən dağıdıcı zəlzələlər

1960-cı il Çili zəlzələsindən Haitiyə qədər tarixdə baş vermiş ən güclü, ən ölümcül və ən dağıdıcı zəlzələlər haqqında geniş icmal.

69

Dünya tarixində elə zəlzələlər baş verib ki, onların maqnitudası, yaratdığı fəlakətlər və insan tələfatı əsrlər boyu yaddaşlardan silinməyib. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzələ qeydə alınır. Onların yalnız təxminən 20 faizi hiss olunur, cəmi 100-ə yaxını isə ciddi dağıntılara və insan itkisinə səbəb olur.

Aşağıda tarixə düşmüş ən güclü və ən faciəvi zəlzələlər təqdim olunur.

Valdiviya zəlzələsi (Çili) — 22 may 1960-cı il

1960-cı il mayın 22-də Çilidə baş verən Valdiviya zəlzələsi indiyədək ölçülmüş ən güclü zəlzələ hesab olunur. Zəlzələnin gücü 9,4–9,6 bal arasında qiymətləndirilir. Təxminən 10 dəqiqə davam edən bu təkanlar nəticəsində yaranan sunami Sakit okean boyunca yayılaraq böyük dağıntılara səbəb olub. Rəsmi məlumatlara görə, 1 000–6000 nəfər həlak olub.

Alyaska zəlzələsi — 28 mart 1964-cü il

1964-cü il martın 28-də Alyaskada baş verən 9,2 ballıq zəlzələ tarixdə ikinci ən güclü zəlzələ kimi qeydə alınıb. Təxminən 3 dəqiqə davam edən zəlzələ güclü sunami yaradıb. Nəticədə 128 nəfər ölüb, maddi zərər isə 310 milyon dollar həcmində qiymətləndirilib.

Sumatra zəlzələsi (İndoneziya) — 26 dekabr 2004-cü il

 

2004-cü ildə Sumatra adasında baş verən 9,1 ballıq zəlzələ XXI əsrin ən böyük humanitar fəlakətlərindən biri sayılır. Zəlzələ və ardınca yaranan sunami 220 min insanın həyatına son qoyub, 1,8 milyon nəfər evsiz qalıb.

Sunami dalğalarının sürəti 720 km/saat olub və 14 Asiya ölkəsi ilə yanaşı Şərqi Afrika sahillərinə qədər çatıb. Maddi zərər 10 milyard dollar civarında qiymətləndirilib.

Tohoku zəlzələsi (Yaponiya) — 11 mart 2011-ci il

2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində, Honsyu sahillərində baş verən 9 ballıq zəlzələ ölkə tarixinin ən güclü təbii fəlakəti olub. Ardınca hündürlüyü 37,9 metrə çatan sunami meydana gəlib.

Nəticədə 19 759 nəfər ölüb, 6 242 nəfər yaralanıb, 2 553 nəfər isə itkin düşüb. Yaponiya hökuməti bu hadisəni “Böyük Şərqi Yaponiya zəlzələsi” adlandırıb.

Severo-Kurilsk zəlzələsi — 4 noyabr 1952-ci il

1952-ci il noyabrın 4-də Rusiyanın Kamçatka bölgəsində baş verən 9,0 ballıq zəlzələ 2336 nəfərin ölümünə səbəb olub. Hadisə Sakit okean Atəş Halqası adlanan yüksək seysmik aktiv zonada qeydə alınıb. Maddi zərər 1 milyon dollardan çox olub.

Çili zəlzələsi — 27 fevral 2010-cu il

2010-cu ildə Konsepsion şəhəri yaxınlığında baş verən zəlzələnin gücü əvvəlcə 8,3, daha sonra 8,8 bal olaraq yenilənib. 525 nəfər həyatını itirib, 500 min ev dağılıb və ya ağır zərər görüb. Fəlakət 2 milyon insanın həyatına təsir edib.

Ekvador–Kolumbiya zəlzələsi — 31 yanvar 1906-cı il

8,8 ballıq bu zəlzələ hər iki ölkədə minlərlə insanın ölümünə səbəb olub. Ardınca yaranan sunami Sakit okeanı keçərək Yaponiyaya qədər çatıb.

Rat adası zəlzələsi, Alyaska. 4 fevral 1965-ci il

1965-ci ildə Alyaskanın Rat adaları yaxınlığında 8,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra dəyən ziyanın böyük hissəsi sunami nəticəsində baş verib.

Tanşan zəlzələsi (Çin) — 28 iyul 1976-cı il

8,2 ballıq Tanşan zəlzələsi XX əsrin ən qanlı fəlakətlərindən biri hesab olunur. Rəsmi məlumata görə 255 min, qeyri-rəsmi mənbələrə görə isə 655 min nəfər həlak olub.

Sıçuan zəlzələsi — 12 may 2008-ci il

7,9 ballıq zəlzələ nəticəsində 90 min nəfər ölüb, 350 min nəfər yaralanıb. Zəlzələ təkcə Çinlə məhdudlaşmayaraq bir neçə Asiya ölkəsində də hiss olunub.

Hayyuan, Çin. 16 dekabr 1920-ci il

Bu zəlzələ 1920-ci ildə Çinin Qansu əyalətinin Hayyuan bölgəsində 7.8 bal gücündə baş verib. İnsan tələfatının sayı 200 min nəfər olub. Yer qabığı ölkənin yeddi əyalətində (Sarı dənizdən Monqolustan sərhəddinədək) qırılmağa məruz qalıb.

Çimbote, Peru. 31 may 1970-ci il

Zəlzələnin episentri Sakit okeanın 60 km dərinliyində və gücü 7.9 bal idi. Bir sıra şəhərlərdə güclü sürüşmələr baş verib. Belə ki, Uaskaran dağından (6768 m) sürüşən qar layları Yunqae şəhərinin 70% əhalisinin həyatı bahasına başa gəlib. Sürüşən buz laylarının sürəti  200 кm/saat idi. Bu dəhşətdən yalnız 300 nəfər canını qurtara bilmişdi.

Messina zəlzələsi (İtaliya) — 28 dekabr 1908-ci il

7,5 ballıq bu zəlzələ Messina şəhərini tamamilə məhv edib. 100 min nəfər həyatını itirib. Ardınca 12 metrlik sunami meydana gəlib və 40-a yaxın yaşayış məntəqəsi yer üzündən silinib.

Aşqabad zəlzələsi — 5 oktyabr 1948-ci il

7,3 ballıq zəlzələ nəticəsində 110 min nəfər həlak olub. Şahidlərin sözlərinə görə, şəhər 10 saniyə ərzində tamamilə dağılıb. 2014-cü ildə faciəyə həsr olunmuş memorial kompleks açılıb.

Spitak zəlzələsi (Ermənistan) — 7 dekabr 1988-ci il

7,2 ballıq zəlzələ nəticəsində 25 min nəfər ölüb, 150 min nəfər yaralanıb. Zəlzələ ölkə ərazisinin 40 faizində hiss olunub. Qeyd olunur ki, zəlzələdən zərərçəkənlərə yardım aparan Azərbaycan helikopteri vurulmuşdu.

Haiti zəlzələsi — 12 yanvar 2010-cu il

7 ballıq zəlzələ Haitidə 220 min nəfərin ölümünə səbəb olub. Paytaxt Port-o-Prens demək olar ki, tamamilə dağılıb. 2 milyon insan evsiz qalıb, maddi zərər 8 milyard dollar olaraq qiymətləndirilib.