Hindistan Modidən sonrakı dövrə hazırlaşır: 2026-cı il üçün ssenarilər

"Reuters Breakingviews": Hindistan baş naziri Narendra Modinin üçüncü müddətinin ortasına yaxınlaşması ölkədə onun varisi və gələcək siyasi balansla bağlı sualları aktuallaşdırır.

81

Hindistan yaxın illərdə ölkənin növbəti liderinin kim olacağı sualı ilə daha ciddi şəkildə üzləşməyə başlayacaq. 2026-cı ilin sonuna qədər baş nazir Narendra Modi üçüncü beşillik müddətinin yarısını tamamlamış olacaq. 75 yaşlı Modi artıq on ildən çoxdur ki, biznes yönümlü və güclü hökumətə rəhbərlik edir. Dördüncü müddət nəzəri baxımdan mümkün olsa da, hazırkı şərtlər fonunda bu ehtimal zəif görünür.

Modinin rəhbərlik etdiyi “Bharatiya Janata Partiyasının” (BJP) parlament çoxluğu əvvəlki qədər güclü deyil və hakimiyyətin uzunmüddətli qalmasının yaratdığı narazılıqların artacağı gözlənilir. Bu səbəbdən Modidən sonra ölkəni kimin idarə edəcəyi sualı getdikcə daha aktual xarakter alır.

Modi hələ də son dərəcə populyardır. ABŞ-ın “Morning Consult” tədqiqat şirkətinin noyabr ayında 24 iri ölkə lideri arasında apardığı reytinqə görə, Hindistan baş naziri 71%-lik ictimai dəstək göstəricisi ilə ilk sırada qərarlaşıb. O, ümumilikdə 15 ilə yaxın hakimiyyətdə qalmağa doğru irəliləyir ki, bu da Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun və İndira Qandinin hakimiyyət müddətlərinə yaxın göstəricidir.

Siyasi analitik Suhas Palşikarın fikrincə, Modinin seçki uğuru iqtisadi nailiyyətlərin və hindu dini kimliyinin siyasi davranışa çevrilməsinin uğurlu sintezindən qaynaqlanır. Vergi, iflas və əmək qanunvericiliyində aparılan islahatlar, eləcə də, büdcə və cari hesab kəsirinin azaldılması istiqamətində atılan addımlar makroiqtisadi sabitliyi möhkəmləndirib və biznes dairələrinin dəstəyini gücləndirib.

Əgər Modi siyasi səhnədən çəkilərsə, üç əsas ssenari ön plana çıxır. Hazırda ən real ehtimal onun varisinin BJP daxilindən çıxmasıdır. Bu sırada daxili işlər naziri və Modinin ən yaxın silahdaşı Amit Şah, eləcə də Mumbayın infrastrukturunun yenilənməsinə nəzarət edən Maharaştra ştatının baş naziri Devendra Fadnavis əsas namizədlər kimi göstərilir. Hələlik partiya daxilində ciddi daxili rəqabət müşahidə olunmur.

İkinci ssenari Modinin mövcud müttəfiqlərindən birinin koalisiya hökumətinə rəhbərlik etməsidir. Andhra Pradeş ştatını idarə edən Teluqu Desam Partiyasının lideri N. Çandrababu Naidu və ya onun oğlu Nara Lokeş bu kontekstdə önə çıxır. Onlar iri investisiya proqramlarını, o cümlədən “Google”un 15 milyard dollarlıq data mərkəzi layihəsini irəli aparırlar.

Üçüncü ehtimal isə BJP müxalifətinin hakimiyyətə gəlməsidir. Bu halda hökumətə parlamentdə müxalifətin lideri olan Konqres Partiyasının sədri Rahul Qandi və ya onun bacısı, xarizmatik siyasətçi Priyanka Qandi rəhbərlik edə bilər.

Analitiklər hesab edir ki, Modidən sonra hakimiyyətə gələcək istənilən lider onun qədər güclü ictimai dəstəyə malik olmayacaq. Daha zəif liderlər populyarlığı qorumaq üçün nağd sosial ödənişlərə və geniş sosial proqramlara üstünlük verə bilər ki, bu da Hindistanın fiskal intizamı və dövlət xərclərinin keyfiyyəti üçün risk yaradır.

Bundan əlavə, parçalanmış koalisiya hökuməti çoxsaylı güc mərkəzlərinin yaranmasına və korrupsiya risklərinin artmasına səbəb ola bilər. Bu narahatlıqlar yaxın illərdə Hindistan siyasətində daha açıq şəkildə hiss olunmağa başlayacaq.