Hondurasda prezident seçkilərini Fələstin əsilli Nasri Asfura qazandı

Hondurasda 30 noyabrda keçirilən prezident seçkilərinin qalibi Milli Partiyanın namizədi, fələstinəsilli mühafizəkar siyasətçi Nasri Asfura olub.

71

Mərkəzi Amerika ölkəsi Hondurasda 30 noyabr tarixində keçirilən prezident seçkilərinin qalibi məlum olub. Honduras Milli Seçki Şurasının açıqlamasına görə, mühafizəkar mövqeyi ilə tanınan və ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Fələstin əsilli namizəd Nasri Asfura seçkilərdə qalib gəlib.

Məlumata əsasən, Milli Partiyanın namizədi və “Papi a la orden” (“Əmrinizdəyəm”) ləqəbi ilə tanınan Nasri Asfura səslərin 40,26 faizini toplayaraq prezident seçkilərində birinci yeri tutub. Liberal Partiyanın namizədi Salvador Nasralla 39,54 faiz səslə ikinci olub. Hakim Azadlıq və Yenidənqurma Partiyasının (Libre) namizədi Riksi Monkada isə 19,19 faiz səslə seçkiləri üçüncü pillədə başa vurub.

Liberal Partiyanın namizədi Salvador Nasralla səsvermə zamanı səslərin natamam sayıldığını iddia edərək Asfuranın qələbəsini tanımadığını və seçki nəticələrini qəbul etmədiyini bəyan edib.

Qeyd olunur ki, seçkilərin nəticələri namizədlər arasındakı səs fərqinin az olması və tərəflərin etirazları səbəbindən gecikmə ilə elan olunub. Honduras Milli Seçki Şurasının sədri Ana Paola Hall seçki prosesi zamanı texniki problemlərin yaşandığını təsdiqləyərək yekun nəticələrin açıqlanmasının uzana biləcəyini bildirmişdi.

Nasri Asfura 8 iyun 1958-ci ildə Hondurasın paytaxtı Tequsiqalpada anadan olub. Fələstin əsilli iş adamı olan Asfura paytaxt Tequsiqalpanın iki dəfə meri vəzifəsində çalışıb. O, bu dövrdə şəhər nəqliyyatının yaxşılaşdırılmasına yönəlmiş bir sıra polad və beton infrastruktur layihələrinin həyata keçirilməsi ilə tanınıb.

Prezidentlik kampaniyası zamanı Asfura maliyyə sabitliyinin qorunması, yeni iş yerlərinin yaradılması və istehsalyönümlü infrastrukturun gücləndirilməsini əsas prioritetlər kimi təqdim edib. O, eyni zamanda kənd təsərrüfatı və heyvandarlığın dəstəklənməsi, nəqliyyat və rabitə infrastrukturunun inkişafı, yerli iqtisadiyyata qısa müddətdə təsir göstərəcək layihələrin icrasını vəd edib.

Nasri Asfura 2020-ci ildə çirkli pulların yuyulması, dələduzluq, dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə gündəmə gəlmişdi. Bu iddiaları rədd edən Asfura beynəlxalq korrupsiya araşdırması olan “Pandora Sənədləri” ilə də hər hansı əlaqəsinin olmadığını bildirib.

ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası dövründə honduraslı seçiciləri Asfuranı dəstəkləməyə çağırmış və Milli Partiyanın namizədinin qalib gələcəyi təqdirdə Honduras üçün “genişmiqyaslı dəstək” göstəriləcəyini vəd etmişdi.