Arxiyepiskop Ezras Nersisyanın KQB ilə əməkdaşlıq etdiyi iddia olunur

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Ezras Nersisyanın 1986–1988-ci illərdə SSRİ DTK (KQB) ilə əməkdaşlıq etdiyini və hazırda xarici xüsusi xidmət orqanları ilə əlaqələr saxladığını açıqlayıb.

96

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) arxiyepiskop Ezras Nersisyanın (Mkrtıç Nersisyan) keçmişdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə əməkdaşlıq etdiyini açıqlayıb. Bu barədə MNX “Civic.am” saytının sorğusuna cavabında məlumat verib.

Xidmətin açıqlamasında bildirilir ki, mövcud arxiv və əməliyyat məlumatlarına əsasən, Ezras Nersisyan 1986–1988-ci illərdə KQB tərəfindən “Karo” təxəllüsü ilə əməkdaşlığa cəlb olunub. Ezras Nersisyan həmin dövrdə Leninqrad Ruhani Akademiyasında aspirant kimi təhsil alıb və iddialara görə, məhz bu illərdə onun KQB tərəfindən cəlb edilməsi baş verib. Digər “Telegram” mənbələrində isə bu cəlbetmənin müxtəlif təzyiq mexanizmləri fonunda həyata keçirildiyi iddia edilir. Sözügedən iddialar rəsmi məhkəmə qərarları ilə təsdiqlənməyib.

MTX qeyd edir ki, sözügedən əməkdaşlıq faktını təsdiqlədiyi bildirilən məxfilikdən çıxarılmış sənəd nümunəsi də ictimaiyyətə təqdim edilib.

Ezras Nersisyanın KQB ilə əməkdaşlığına dair sübut

Mənbələrdə yer alan digər iddialara əsasən, Ezras Nersisyan 1988-ci ildə Leninqrad Erməni Kilsəsinin ruhani rəhbəri təyin olunub. Sonrakı illərdə onun fəaliyyəti və karyera yüksəlişi ilə bağlı da müxtəlif iddialar səsləndirilir.

“Telegram” paylaşımlarında həmçinin bildirilir ki, 2000-ci ildə Erməni Apostol Kilsəsinin Rusiya və Yeni-Naxçıvan yeparxiyasında rəhbərlik dəyişikliyi baş verib və bu prosesin zorakı üsullarla həyata keçirildiyi iddia olunur. Sözügedən iddialarda Ezras Nersisyanın qardaşı Ktriç Mkrtçyanın da adı çəkilir.

Bununla yanaşı, Ermənistan MTX-nin məlumatında vurğulanır ki, əldə olunan son bilgilərə görə, arxiyepiskop Ezras Nersisyan hazırda da xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələr saxlayır. Xidmət bu əlaqələrin Ermənistan Respublikasının milli təhlükəsizliyi və dövlət maraqları üçün potensial risk yarada biləcəyini bildirir.

Açıqlamada qeyd olunur ki, Milli Təhlükəsizlik Xidməti qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində sözügedən risklərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirir. Tədbirlərin detalları açıqlanmayıb.

Məsələ ilə bağlı arxiyepiskop Ezras Nersisyan tərəfindən hələlik rəsmi mövqe bildirilməyib. Mövzu cəmiyyətdə və media mühitində geniş müzakirələrə səbəb olub.