ABŞ-da Massaçusets Texnologiya İnstitutunun professorunun öldürülməsi və Braunn Universitetinə silahlı hücumla bağlı şübhəli ölü tapıldı.
ABŞ-da evində silahlı hücum nəticəsində öldürülən Massaçusets Texnologiya İnstitutunun professoru Nuno Lureyro ilə Braun Universitetində 2 nəfərin həlak olduğu, 9 nəfərin yaralandığı silahlı hücumun əsas şübhəlisinin ölü tapıldığı bildirilib.
Bu barədə hüquq-mühafizə orqanları Providens şəhərində keçirilən mətbuat konfransında məlumat veriblər. Açıqlamaya görə, Braun Universitetində 13 dekabr tarixində baş verən silahlı hücumun şübhəlisi olan 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Neveş Valente, ABŞ-ın Nyu-Hempşir ştatında kirayələdiyi anbarda ölü vəziyyətdə aşkarlanıb.
Rəsmilərin bildirdiyinə görə, Valente intihar edib. Həmçinin qeyd olunub ki, o, 2000–2001-ci illərdə Braun Universitetində fizika ixtisası üzrə magistratura təhsili alıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Valente 15 dekabrda Massaçusets ştatının Bruklin qəsəbəsində evində silahlı hücum nəticəsində öldürülən MTİ professoru Nuno Lureyronun qətlinin də əsas şübhəlisi olub. Məlumata görə, Valente və Lureyro 1995-ci ildə Portuqaliyada eyni universitetdə eyni akademik proqramda təhsil alıblar.
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem, şübhəlinin ölü tapılmasından sonra “X” sosial şəbəkə hesabı üzərindən açıqlama verib. Noem, Valentenin 2017-ci ildə ABŞ-a “DV1” proqramı çərçivəsində daxil olduğunu və “yaşıl kart” sahibi olduğunu bildirərək, “Bu iyrənc şəxsin ölkəmizə daxil olmasına icazə verilməməli idi”, — deyə qeyd edib.
Nazir əlavə edib ki, Prezident Donald Trampın göstərişi ilə, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətlərinə (USCIS) “DV1” proqramının dayandırılması barədə tapşırıq verilib.
Xatırladaq ki, 13 dekabr axşamı Braun Universitetində silahlı hücum səbəbindən kampusda “aktiv silahlı hücum” həyəcan siqnalı elan edilmişdi. Providens şəhərinin meri Brett Smayli hücum nəticəsində 2 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını açıqlamışdı.
Daha əvvəl FTB iki hadisə arasında rəsmi olaraq təsdiqlənmiş bir əlaqənin olmadığını bildirsə də, son tapıntılar istintaqın yeni mərhələyə keçdiyini göstərir.