İnsult və infarkt riskini azaldan ən əlçatan vasitə – Gündə 15 dəqiqə Günəş vannası qəbul etmək

İnsult və infarkt riskini azaltmaq üçün gündə 15 dəqiqə Günəş vannası qəbul etmək lazımdıe. D vitamini və ürək-damar sağlamlığı ilə bağlı alimlərin son araşdırması.

80

İnsult və infarktdan ölən insanların sayı ildən-ilə bütün dünyada artmaqdadır. Mütəxəssislər bu xəstəliklərin getdikcə daha gənc yaşlarda müşahidə olunduğunu da vurğulayırlar.

ABŞ-ın Ohayo Universitetinin alimləri insult riskini azaldan son dərəcə sadə və əlçatan bir vasitə aşkar ediblər. Onların apardıqları müşahidələr göstərir ki, günəş şüaları ürək-damar sistemini möhkəmləndirir, mümkün pozulmalardan qoruyur, insult və infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.

Araşdırmaya əsasən, gün ərzində cəmi 15 dəqiqə açıq havada günəş altında olmaq ürək-damar sisteminin vəziyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.

Alimlərin fikrincə, günəş şüalarının təsiri ilə orqanizmdə sintez olunan D vitamininin çatışmazlığı damarların daxili qatını təşkil edən hüceyrələrin zədələnməsinə səbəb olur. Bu isə öz növbəsində ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini artırır.

Bundan əlavə, D vitamini orqanizmdə azot oksidinin lazımi səviyyədə saxlanılmasına kömək edir. Azot oksidinin defisiti isə insultun yaranmasında əsas risk faktorlarından biri hesab olunur.

Beləliklə, alimlərin qənaətinə görə, orqanizmdə təbii şəkildə sintez olunan D vitamini ürək və damarların sağlamlığının qorunması və bərpası üçün ən əlçatan vasitələrdən biridir.

Qeyd edək ki, bundan əvvəl Yaponiya alimləri tərəfindən aparılan araşdırmalar da isti vanna qəbul etməyin insult riskini azaltdığını göstərib.