Gürcü Pravoslav Kilsəsində qalmaqal: Arximandrit Dorete Kuraşviliyə ibadət qadağası

76

Gürcü Pravoslav Kilsəsinin (GPK) arximandriti Dorete Kuraşviliyə dini ayinlər və ibadətlər keçirmək hüququ müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Gürcüstan Patriarxiyasının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

Yayımlanan rəsmi sənəd Gürcüstanın Patriarxı II İliya tərəfindən imzalanıb. Sənəddə bildirilir ki, ata Dorete “kilsə kanonik etikası qaydalarının dəfələrlə pozulmasına” görə ibadət aparmaq hüququndan məhrum edilib.

Media yazır ki, arximandrit Kuraşvili Tbilisidə, Rustaveli prospektində parlament qarşısında keçirilən etiraz aksiyaları zamanı gündəlik dualar və molyebnlər təşkil edib.

Qeyd edək ki, oktyabrın 29-da Dorete Kuraşvili Tbilisinin Kvemo Betlemi rayonunda yerləşən Məsihin Doğumu kilsəsinin baş keşişi vəzifəsindən azad edilərək Müqəddəs Üçlük kafedralının patriarxal lavrasına adi keşiş kimi təyin olunmuşdu. Həmin vaxt qərarın səbəbi kimi “intizam və əxlaq normalarının pozulması, o cümlədən böhtan xarakterli çıxışlar və din xadiminə yaraşmayan digər hərəkətlər” göstərilmişdi.

Kuraşvili müxalif yönlü televiziya kanallarının siyasi tok-şoularında tez-tez çıxışlar edirdi. O, “Gürcü Arzusu” hakimiyyətinin siyasətini tənqid etməklə yanaşı, Gürcüstan Pravoslav Kilsəsinin siyasi təsirlərdən tam müstəqil olmasının vacibliyini vurğulayırdı.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili isə bu gün Rustaveli prospektində keçirilən etiraz aksiyasına qatılacağını və arximandritə dəstək verəcəyini açıqlayıb.

Zurabişvili sosial şəbəkə hesablarında yazıb ki, patriarxın bu cür cəza qərarına razılıq verdiyinə inanmır:

“Patriarxiyanın bu qərarı Gürcü kilsəsini və onun azadlıq və müstəqillik uğrunda çoxəsrlik mübarizəsini biabır edir. Mən heç vaxt inanmaram ki, Patriarx ədalətsizliyə razıdır”, — deyə o bildirib.