Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında müxtəlif sahələri əhatə edən bir sıra mühüm beynəlxalq sənədlər təsdiq edilib.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanlara əsasən, təhlükəsizlik, statistika, sənaye mülkiyyəti və energetika sahələrində əməkdaşlığı nəzərdə tutan saziş və memorandumlar ratifikasiya olunub.
İlk olaraq, 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra onun icrasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi təmin edəcək.
Eyni tarixdə imzalanmış digər sənədə əsasən, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da təsdiqlənib. Memorandumun icrası Dövlət Statistika Komitəsi tərəfindən həyata keçiriləcək.
Bundan əlavə, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş ratifikasiya olunub. Sazişin icrası Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilib.
Prezidentin təsdiqlədiyi digər sənəd isə Azərbaycan və Qazaxıstan hökumətləri arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Sazişdir. Bu sənəd iki ölkə arasında enerji sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur və onun icrasını Azərbaycan Respublikasının Energetika Nazirliyi təmin edəcək.
Bütün sənədlər üzrə Xarici İşlər Nazirliyinə müvafiq dövlətdaxili prosedurların tamamlanması və Qazaxıstan tərəfinə rəsmi bildirişlərin göndərilməsi tapşırılıb. Sözügedən qərarlar Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.