Orta əsrlərdən qalan qorxunc xəstəlik Rumıniyada yenidən peyda oldu

Rumıniyada orta əsrlərlə bağlı cüzzam xəstəliyinə aid yeni hallara rast gəlinib. Kluj şəhərində spa mərkəzində iki masajçıda xəstəlik təsdiqlənib, vəziyyət nəzarət altındadır.

98

Rumıniyada orta əsrlərlə bağlı cüzzam xəstəliyi yeni hallarla gündəmə gəlib. Ölkənin ikinci böyük şəhəri Klujda fəaliyyət göstərən spa mərkəzində çalışan iki masajçıda xəstəliyin pozitiv test nəticələri aşkar olunub. Səlahiyyətlilər vəziyyətin nəzarət altında olduğunu və ümumi ictimai sağlamlıq üçün geniş riskin olmadığını bildiriblər.

Sağlamlıq Nazirliyi qeyd edir ki, xəstəliyin qaynağı ilə bağlı araşdırmalar davam edir, xəstə ilə təmasda olan şəxslər yoxlanılır və müvafiq tədbirlər görülür.

Xəstəlik ilk olaraq İndoneziyadan qayıdan bir masajçıda aşkarlanıb. Qeyd olunur ki, həmin şəxs İndoneziyadakı xəstəxanada cüzzamdan müalicə olunan anası ilə bir ay boyunca birlikdə qalmışdır. Eyni spa mərkəzində işləyən üç nəfər daha test olunub və onlardan birində də cüzzam aşkarlanıb. Həmin şəxsin də İndoneziya vətəndaşı olduğu bildirilir. 21 və 25 yaşlı masajçılar xəstəxanada müalicəyə alınıb.

Yoluxmaların təsdiqlənməsindən sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokollarına uyğun müalicə prosesinə başlanılıb. Sağlamlıq naziri Aleksandru Roqobete bildirib ki, müalicə başladıqdan sonra yoluxma riski əhəmiyyətli dərəcədə azalıb və zamanla tamamilə aradan qalxır. Araşdırmalar davam etdiyi müddətdə spa mərkəzi müvəqqəti bağlanıb.

Nazir Roqobete, spa ziyarətçilərinə narahat olmağa ehtiyac olmadığını vurğulayıb və cüzzamın yalnız uzunmüddətli və yaxın təmas nəticəsində yoluxa biləcəyini açıqlayıb. Qısa müddətli təmas, əl sıxışma, qucaqlaşma, ictimai nəqliyyatdan istifadə və ya ortaq məkanlarda olmaq risk yaratmır.

Rəsmi şəxslər bildirib ki, sərt epidemiyoloji nəzarət, təmasda olanların yoxlanması və xarici işçilərin yaşayış və iş şəraitinin qiymətləndirilməsi istiqamətində göstərişlər verilib. Rumıniya həmçinin ÜST-dən beynəlxalq dəstək tələb edib.

Nazirliyin məlumatına görə, Rumıniyada cüzzam xəstəliyinə aid son təsdiqlənmiş hadisə təxminən 44 il əvvəl qeydə alınıb. Yeni hallar səbəbindən ölkənin səhiyyə sistemi alarm vəziyyətinə keçirilib.

ÜST-nin məlumatına görə, cüzzam (Mycobacterium leprae bakteriyası) yavaş inkişaf edən, aşağı yoluxuculuğa malik, xroniki infeksion xəstəlikdir. Bu xəstəlik Avropada nadir hallarda rast gəlinir, lakin Asiya, Afrika və Latın Amerikasının bəzi bölgələrində hələ də endemik olaraq qalır. Ekspertlər qeyd edirlər ki, erken diaqnoz və mütəmadi müalicə ilə xəstəlik tam nəzarət altına alınır.