Ağ Ev: Tramp marixuananın statusu ilə bağlı hələ qərar verməyib

Ağ Ev Donald Trampın marixuananın Schedule III siyahısına keçirilməsi ilə bağlı hələ yekun qərar vermədiyini açıqlayıb. Mümkün dəyişiklik ABŞ narkotik siyasətində dönüş nöqtəsi ola bilər.

95

Ağ Ev, ABŞ prezidenti Donald Trampın marixuananın hüquqi statusunun dəyişdirilməsi ilə bağlı hələlik yekun qərar qəbul etmədiyini açıqlayıb.

Bu barədə “Forbes” nəşrinə Ağ Ev nümayəndəsi məlumat verərək bildirib ki, marixuananın yenidən təsnifləndirilməsi məsələsi üzrə müzakirələr davam etsə də, konkret qərar yoxdur.

Məsələ “Vaşinqton Post” qəzetinin administrasiyanın marixuananı ən sərt kateqoriya olan Schedule I siyahısından çıxararaq Schedule III kateqoriyasına keçirməyə yaxın olduğu barədə yaydığı məlumatdan sonra gündəmə gəlib. Belə bir addım atılacağı təqdirdə, bu, 1970-ci ildən bəri ABŞ narkotik siyasətində ən böyük dəyişiklik kimi qiymətləndirilə və 40 ştatda fəaliyyət göstərən, həcmi təxminən 32 milyard dollar olan qanuni kannabis sənayesi üçün yeni mərhələnin başlanğıcı ola bilər.

Məlumata görə, Donald Tramp bu mövzuda Nümayəndələr Palatasının spikeri, yenidən təsnifləndirməyə qarşı çıxan Mayk Consonla telefon danışığı aparıb. Eyni zamanda, Ağ Evdə kannabis sənayesinin nümayəndələri, səhiyyə naziri Robert F. Kennedi-kiçik və “Medicare” və “Medicaid” Xidmətlərinin rəhbəri Mehmet Öz də mövqelərini təqdim ediblər.

Marixuananın Schedule III siyahısına keçirilməsi onun federal səviyyədə leqallaşdırılması və ya dekriminallaşdırılması demək deyil. Bu halda da kannabis yalnız resept əsasında istifadəyə icazə verilən maddə olaraq qalacaq. Hazırda marixuana heroin və LSD kimi maddələrlə eyni kateqoriyada – yəni tibbi faydası olmayan və yüksək riskli hesab edilən Schedule I siyahısında yer alır. Schedule III isə tibbi istifadəsi qəbul edilən, lakin asılılıq riski olan maddələri – məsələn, kodein və ketamini əhatə edir.

Qeyd olunur ki, marixuananın yenidən təsnifləndirilməsi prosesi əslində Co Bayden administrasiyası dövründə başlayıb. 2022-ci ilin oktyabrında Bayden Səhiyyə və İnsan Xidmətləri Nazirliyinə və o dövrün baş prokuroruna marixuananın hüquqi statusunun təcili şəkildə nəzərdən keçirilməsi tapşırığını verib. 2023-cü ilin avqustunda nazirlik marixuananın müəyyən tibbi faydalarının olduğunu təsdiqləyərək onun Schedule III siyahısına keçirilməsini tövsiyə edib, lakin proses bundan sonra dalana dirənib.

Mövzu ətrafında fikirlər isə ziddiyyətlidir. Marixuananın leqallaşdırılmasını müdafiə edən NORML təşkilatının rəhbər müavini Pol Armentano ehtiyatlı mövqe sərgiləyərək, bu cür xəbərlərin dəfələrlə yayıldığını və yalnız rəsmi sənədlər dərc ediləndən sonra inanacağını bildirib. Digər tərəfdən, leqallaşdırmaya qarşı çıxan “Smart Approaches to Marijuana” təşkilatının rəhbəri Kevin Sabet bu addımın cəmiyyətə, xüsusilə də, gənclərə zərər verəcəyini iddia edir.

Bununla belə, mümkün dəyişiklik kannabis sənayesi üçün xüsusilə, vergi sahəsində ciddi üstünlüklər vəd edir. Hazırda bu şirkətlər 280E vergi maddəsi səbəbindən gəlirlərinin təxminən 60 faizini vergi kimi ödəməli olurlar. Schedule III statusu isə onlara digər şirkətlər kimi xərcləri vergidən çıxmaq imkanı verəcək və bu, milyardlarla dolların sənayedə qalmasına şərait yarada bilər.