Keçmiş qondarma rejimin ofisində axtarış: Kompüterlər müsadirə olunub

Ermənistanın İstintaq Komitəsi Yerevanda yerləşən keçmiş qondarma rejimin ofisində axtarış apararaq kompüterləri müsadirə edib. Hadisə Ermənistan hökuməti ilə Qarabağdan köçmüş şəxslər arasında gedən siyasi gərginlik fonunda baş verib.. Bu barədə “Kavkazskiy Uzel” portalı məlumat verib.

92

İstintaq Komitəsi Yerevanda yerləşən keçmiş qondarma rejimin ofisində axtarış aparıb və bir sıra kompüterləri müsadirə edib. “Kavkazskiy Uzel” öz müxbirinə istinadən bildirir ki, axtarışlar 11 dekabr səhər saatlarında başlayıb və 16:10-dək davam edib.

Qeyd olunur ki, həmin binada tarixin zibilliyinə atılmış keçmiş qondarma rejimin “parlament”, “hökumət”, ombudsman ofisi və yerli televiziya studiyasının yerləşdiyi ofislər fəaliyyət göstərir.

İstintaq Komitəsi axtarışı 2025-ci ilin iyununda başlanmış cinayət işi ilə əlaqələndirib. İş, keçmiş qondarma rejim rəhbərlərindən Samvel Şahramanyanın 2023-cü ilin oktyabrında Ermənistana ünvanladığı müraciət əsasında açılıb. O, qondarma rejimin İnvestisiya Fondunun vəsaitlərinin mənimsənilməsi ilə bağlı araşdırma tələb etmişdi.

İnvestisiya Fondu 2007–2023-cü illərdə fəaliyyət göstərib və kiçik və orta biznesə dəstək, ipoteka proqramları, sosial layihələr kimi istiqamətlərə maliyyə ayırıb.

Komitə nümayəndələri kompüterlərin axtarış zamanı istintaqa aid sənədlərin tapılması məqsədilə götürüldüyünü bildiriblər.

Qondarma rejimin keçmiş “dövlət naziri” Njde İsğəndəryan deyib ki, ofisdə həmin fondun sənədləri yoxdur və bütün materiallar 2023-cü ildə Ermənistan İstintaq Komitəsinə təhvil verilib. Onun sözlərinə görə, axtarışlar dünən keçirilən “parlament dinləmələri” ilə əlaqəli ola bilər.

Axtarış zamanı hüquq-mühafizə orqanları binadakı seyfi də açıb. Axtarışın sonunda heç bir əhəmiyyətli sənədin tapılmadığı və yalnız köhnə qovluqların və bir qəzet nüsxəsinin aşkarlandığı bildirilib.

Hadisə Ermənistan daxilində Qarabağdan köçmüş şəxslərin geriyə qayıdışı mövzusu ətrafında müzakirələrin davam etdiyi bir vaxtda baş verir.

Müxalifət nümayəndələri axtarışların Ermənistanda bu mövzunun siyasi gündəlikdən çıxarılması üçün edildiyini iddia ediblər.

Baş nazir Nikol Paşinyan isə mətbuata açıqlamasında Qarabağa qayıdış mövzusunun “real olmayan və təhlükəli” müzakirə olduğunu bildirib.