“Miss Universe”-də ölkəsini təmsil edən gözəlin tacı geri alındı

Finlandiyanı "Miss Universe 2025"-də təmsil edən Sarah Dzafce irqçi paylaşım qalmaqalından sonra "Miss Finlandiya" titulunu itirdi.

120

“Miss Universe 2025” müsabiqəsində Finlandiyanı təmsil etmiş ölkənin gözəllik kraliçası Sarah Dzafce irqçiliklə bağlı qalmaqal səbəbindən titulunu itirib. “Miss Finlandiya 2025” adı sosial mediada yayılan irqçi məzmunlu fotoşəkilə görə rəsmi şəkildə geri alınıb.

“Miss Finlandiya” Təşkilatı 11 dekabr, cümə axşamı günü yaydığı açıqlamada Sarah Dzafcenin tacının geri alındığını təsdiqləyib. Bildirilib ki, bu qərar onun onlayn mühitdə nümayiş etdirdiyi irqçi davranışlarla əlaqədardır.

Təşkilatın bəyanatında qeyd olunub:

“Sarah Dzafcenin Miss Finlandiya titulu bu gündən etibarən geri alınır. Bu qərar şəxsi dəyərlərlə deyil, təmsilçilik məsuliyyəti ilə bağlıdır. Milli və beynəlxalq səviyyədə ölkəni təmsil edən bir şəxs üçün davranış və məsuliyyət ayrılmaz anlayışlardır.”

Qərarın, Dzafcenin sosial mediada yayılan və irqçi jest əks etdirən fotoşəkli ilə bağlı verildiyi bildirilib. Hadisədən sonra Sarah Dzafce paylaşımı ilə əlaqədar ictimaiyyətdən üzr istəsə də, bu üzr təşkilat tərəfindən yetərli hesab olunmayıb.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib:

“Etdiyim hərəkətin bir çox insanı incitdiyini bilirəm və buna görə təəssüf edirəm. Xüsusilə, birbaşa təsirlənən hər kəsdən üzr istəyirəm. Heç kəsi incitmək niyyətində olmamışdım.”

Qeyd edək ki, ötən ay Tailandda keçirilən “Miss Universe 2025” müsabiqəsində Finlandiyanı təmsil edən Sarah Dzafcenin iştirak etdiyi yarışmada birincilik Meksika gözəli Fatima Boşa qismət olub.