Cefri Epşteyn və Gisleyn Maksvell işləri ilə bağlı illərdir gözlənilən sənədlərin açıqlanmasına bir addım da irəliləyiş əldə olunub. ABŞ-da hakim Gisleyn Maksvel barəsində aparılan böyük münsiflər heyəti (grand jury) istintaqına aid materialların məxfiliyinin aradan qaldırılmasına qərar verib.
Qərara əsasən, ictimailəşdiriləcək materiallara Maksvelin 2021-ci ildə cinayət işi başlamazdan əvvəl prokurorların onun vəkillərinə təqdim etdiyi sübutlar, eləcə də münsiflər heyətinin ifadələri daxildir. Britaniyalı sosialit həmin il yetkinlik yaşına çatmayan qızların seks alveri ittihamı ilə 20 il həbs cəzası almışdı.
ABŞ baş prokuroru Pam Bondi həm Maksvel, həm də 2019-cu ildə həbsdə intihar edən Cefri Epşteyn işi üzrə seks alveri istintaqına dair sənədlərin açıqlanması üçün yenidən məhkəməyə müraciət edib. Daha əvvəl verilən müraciətlər isə rədd edilmişdi. Epşteyn ilə bağlı materialların açıqlanmasına dair qərar hələ elan olunmayıb.
Bu addım ABŞ prezidenti Donald Trampın 19 noyabrda “Epşteyn Sənədləri Şəffaflıq Aktı”nı imzalamasından sonra atılıb. Qanun hökumətə pedofil maliyyəçi barədə bütün sənədləri 30 gün ərzində — 19 dekabradək — açıqlamağı məcbur edir. Pam Bondi sənədlərin gecikməməsi üçün prosesin sürətləndirilməsini xahiş etmişdi.
Maksvel tərəfi isə sənədlərin açıqlanmasına etiraz edir. Onun vəkilləri bildirib ki, böyük münsiflər heyəti materiallarında “sınaqdan keçməmiş və sübut olunmamış iddialar” yer aldığından, onların açıqlanması mümkün yenidən baxılma şansını zədələyə bilər. Maksvel bir neçə uğursuz apellyasiya cəhdinə baxmayaraq, yenidən məhkəmə istəyi ilə mübarizəni davam etdirir.
Epşteynin 2006–2007-ci illərdə Floridada aparılan böyük münsiflər heyəti istintaqına dair sənədlərin də açıqlanmasına 5 dekabrda məhkəmə qərar vermişdi. Həmin iş 2008-ci ildə dayandırılmış, Epşteyn isə o dövrdə ABŞ prokuroru olan Aleks Akosta ilə əldə etdiyi yumşaq saziş sayəsində cəmi 13 ay az həbsxanada cəza çəkmişdi.
Hazırda materialların dərc tarixi və nə qədər yeni məlumatın ictimaiyyətə təqdim olunacağı məlum deyil. Sənədlərin müəyyən hissəsinin redaktə ediləcəyi gözlənilir.
İsmayıl Süleymanov