Tramp: “Zelenski müharibəni bitirəcək sülh sazişini Miladadək qəbul etməlidir”

Donald Tramp Zelenskiyə Rusiyayla müharibəni bitirəcək sülh sazişini Milada qədər qəbul etməsi barədə xəbərdarlıq edir. ABŞ Kiyevdən ərazi güzəştləri tələb edir, Avropa isə təzyiq altında qalır.

135

ABŞ prezidenti xəbərdarlıq edir: Əgər razılaşma tezliklə imzalanmasa, Ukrayna nəticədə Rusiyaya uduza bilər. Donald Tramp Volodimir Zelenskiyə Rusiyayla müharibəni bitirəcək təklif olunan sülh sazişini ən gec Miladadək qəbul etməsi barədə xəbərdarlıq edib.

Ağ Evin emissarları Cared Kuşner və Stiv Uitkoff bu mesajı Ukrayna liderinə iki saatlıq telefon danışığı zamanı çatdırıblar. Danışıqlar onların Moskvada Vladimir Putinlə keçirdikləri görüşün ardından baş tutub.

Trump daha sonra verdiyi geniş müsahibədə bildirib ki, əgər Kiyev təklifi qəbul etməsə, Ukrayna gec-tez Rusiyaya məğlub ola bilər.

“Ukrayna uduzur” – Tramp

“Politico”ya danışan ABŞ prezidenti qeyd edib:

“Rusiya üstündür və həmişə belə olub. Onlar daha böyükdür, daha güclüdür. Ukrayna xalqının və ordusunun cəsarətini yüksək qiymətləndirirəm, amma hər şeyin bir həddi var. Adətən ölçü qalib gəlir. Vəziyyətə baxsanız, rəqəmlər çılğındır.”

Tramp əlavə edib ki, əgər Zelenski ABŞ-ın təkliflərini qəbul etməsə, “nəticəsi ağır olacaq”:

“O, artıq uduzur və bunu başa düşməlidir.”

Vaşinqtonun təzyiqi artır

Ukraynalı rəsmilər “The Telegraph”a deyiblər ki, ABŞ Kiyevə ərazi güzəştləri müqabilində müəyyən edilməmiş təhlükəsizlik təminatlarını qəbul etdirmək üçün ciddi təzyiq göstərir.

Ağ Ev daha əvvəl 28 maddəlik planı dəstəkləmişdi. Plan Ukraynanın Donetsk və Luqanskdan birtərəfli qaydada geri çəkilməsini tələb edir.

Bu təklif Kiyevdə qəbuledilməz sayılır, lakin ukraynalı nümayəndələr bəzi ərazi güzəştlərini tam istisna etmir – yalnız Moskva qarşılığında “ekvivalent addım” atarsa.

Zelenski Avropadan dəstək toplamağa çalışır

Trampın emissarları ilə danışıqdan sonra Zelenski London, Brüssel və Romaya səfər edərək Avropa liderlərinin dəstəyini artırmağa çalışıb.

O, sosial şəbəkələrdə yazıb:

“Avropa tərəfdaşlarımızla çox aktiv şəkildə öz planımız üzərində işləyirik və onu ABŞ-a təqdim etməyə hazırıq.”

Prezident həmçinin bildirib ki, ABŞ-ın “Ukraynada demokratiyanın pozulduğu” iddialarından sonra hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsi üçün 60–90 günlük yol xəritəsi hazırlanmasını tapşırıb.

Zelenski qeyd edib ki, seçkilərin keçirilməsi üçün ABŞ və Avropadan təhlükəsizlik təminatları lazımdır.

Ukraynanın tələbi: NATO-nun 5-ci maddəsinə bənzər zəmanət

Kiyev təhlükəsizlik təminatlarının NATO-nun 5-ci maddəsinə bənzər mexanizm olmasını istəyir. Bu halda Rusiya təkrar hücum edərsə, ABŞ avtomatik şəkildə Ukraynaya yardım etməlidir.

Ukrayna icra qərarı deyil, Senatda ratifikasiya oluna biləcək rəsmi müqavilə istəyir ki, gələcək prezidentlər onu ləğv edə bilməsin.

Bundan əlavə, Avropa ölkələrindən də silah tədarükü və Ukraynanın müdafiə sənayesinə maliyyə dəstəyi ilə bağlı öhdəliklər tələb olunur.

Tramp Avropanı tənqid edir

Müsahibəsində Tramp Avropa liderlərini “zəif”, qitəni isə “çürüməkdə olan”, immiqrasiya ilə zəiflədilmiş” adlandırıb.

London meri Sadıq Xan barədə isə o, son dərəcə sərt ifadələr işlədib:

“Onun adı Xan olan bir mer var. O, dəhşətlidir. Səriştəsiz və iyrənc bir merdir. London indi tamam başqa yerdir.”

Tramp həmçinin iddia edib ki, Avropanın siyasəti qitəni “mümkün siyasi iflasa” doğru aparır.

İsmayıl Süleymanov

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031