Müasir texnologiyaların hökm sürdüyü bir dövrdə dünya üzrə ən sirli və təcrid olunmuş icmalardan biri kimi tanınan Şimali Sentinel adası hələ də ibtidai həyat tərzini davam etdirirlər. Hindistan sahilləri yaxınlığında, Benqal körfəzində yerləşən və cəmi 72 kvadrat kilometr ərazini əhatə edən Şimali Sentinel adasında yaşayan bu qəbilə xarici dünya ilə ünsiyyətdən tamamilə yayınır. Ada sakinlərinin dəqiq sayı müəyyən edilməsə də, müxtəlif mənbələr onların sayını 50 ilə 400 arasında qiymətləndirir; orta hesabla 250 nəfərlik qapalı bir toplumun mövcud olduğu güman edilir.
Sentinellərlə ən məşhur təmas cəhdlərindən biri 1974-cü ildə baş verib. Sənədli film çəkmək üçün adaya yaxınlaşan çəkiliş qrupu sahilə kokos, donuz əti, qab-qacaq və kuklalar qoyaraq dostluq mesajı vermək istəyib. Lakin ada sakinləri buna düşmən münasibəti göstərərək qrupun üzvlərini ox atəşinə tutublar və nəticədə operator yaralanıb. Çəkiliş qrupu sahildən uzaqlaşdıqdan sonra sentinellərin davranışları müşahidə edilib. Onların hədiyyələrin bir hissəsini torpağa basdırdığı, yalnız qab-qacaq və kokosları qəbul etdiyi qeydə alınıb.
2001-ci ildə aparılan müşahidələr zamanı sahil zolağında 21 kişi və 18 qadın görünərək qeydə alınıb. Lakin adanın digər hissələrində yaşayanların olub-olmadığı müəyyən edilmədiyi üçün bu göstəricilər qəbilənin real sayı haqqında dəqiq təsəvvür yaratmayıb.
2006-cı ildə iki hindli balıqçının təsadüfən adaya yaxınlaşması faciə ilə nəticələnib. Sentinellər onları öldürüb və Hindistan polisinin nəşləri ərazidən çıxarma cəhdlərini də qəti şəkildə rədd ediblər. Meyitlərin götürülməsi üçün göndərilən helikopter belə ox atəşinə məruz qalıb.
Qəbilənin əsas məşğuliyyətlərinin yığıcılıq, balıqçılıq və ovçuluq olduğu məlumdur. Əkinçiliklə məşğul olub-olmadıqları barədə hələ də qəti fikir yoxdur. Onların odu özləri əldə etmədiyi, ildırım nəticəsində yaranan alovdan istifadə etdiyi, kömürü gil qablarında saxladığı ehtimal olunur. Sentinellərin dilinin xüsusiyyətləri və hansı dil ailəsinə aid olduğu barədə isə heç bir məlumat yoxdur. Tayfanın oxlarının yüksək dəqiqliyə malik olması da diqqət çəkir — onlar 100 metr məsafədən belə hədəfi dəqiq vurmağı bacarırlar.
Sentinellər barədə ilk yazılı məlumatlardan biri XIII əsr səyyahı Marko Poloya məxsusdur. O, onları gördüyü ən qəddar tayfalardan biri kimi təsvir edir. Bəlkə də məhz bu aqressivlik və təcrid istəyi onların əsrlər boyu müstəqilliyini qorumasının əsas səbəbidir. Ada inzibati olaraq Hindistana aid olsa da, rəsmi dairələr sentinellərə müdaxilə etmir və adaya yaxınlaşmağı qadağan edir. Bu qərar həm qəbilənin özünü, həm də kənar şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.