Çinin xüsusi sektor şirkəti “Lingkong Tianxing Technology” müdafiə sahəsində ciddi dəyişiklik yaradacaq yeniliyə imza atıb. “Mach 7” sürətinə çata bilən YKJ-1000 adlı hipersəs raketi ənənəvi raketlərlə müqayisədə 90 faiz daha ucuz başa gəlir və artıq kütləvi istehsala buraxılıb. Bu ucuz və gizlənməsi asan olan sistem ABŞ və onun müttəfiqlərinin Sakit okeandakı mövqeləri üçün yeni təhlükə kimi qiymətləndirilir.
Şirkət raketi standart yük konteynerinə bənzər formada hazırlayıb. Bu quruluş cihazın adi yük maşını ilə daşınmasını, yerindəcə dayanıqlıq sistemlərinin açılıb raketin atış vəziyyətinə gətirilməsini mümkün edir. Bu həm gizliliyi artırır, həm də yerləşdirməni sürətləndirir. Şirkət nümayəndəsi bildirib ki, bu model ənənəvi hipersəs raketlərindən on dəfə ucuzdur və artıq seriyalı şəkildə istehsal olunur. Paylaşılan sınaq görüntülərində raketin dəniz müdafiə sistemlərini aşaraq səhrada yerləşən hədəfə dəqiq zərbə endirdiyi görünür.
Maliyyətin bu qədər aşağı düşməsi, raket istehsalında uzun illər istifadə edilən nadir metalların və mürəkkəb istilik proseslərinin tərk edilməsindən qaynaqlanır. Adətən hipersəs raketləri “tungsten” kimi bahalı materiallar tələb edir və bu da qiyməti milyonlarla dollara qaldırır. “Lingkong Tianxing” daha əlçatan və yüksək temperatura davamlı yeni ərintilərdən istifadə etməklə həm istehsal xərclərini kəskin şəkildə endirib, həm də istehsalın sürətini artırıb. Bu yanaşma 2025-ci ilin iyununda açıqlanmışdı və hazırda Çinin “Made in China 2025” strategiyasının uğurlu nümunəsi kimi göstərilir.
Digər tərəfdə isə ABŞ-da narahatlıq artır. Çin hipersəs texnologiyasında ABŞ-ı geridə qoyub-qoymadığı illərdir müzakirə olunur. 2021-ci ildə DF-17 sınaqlarından başlayaraq, daha sonra 5 min kilometrdən artıq məsafəyə çatan DF-27 ilə Çin daha iddialı mövqe sərgiləyib. 2025-ci ilin mayında kosmosdan buraxılan hipersəs aparatları ilə bağlı xəbərlər də gündəm olmuşdu. Bəzi məlumatlara görə, Çin artıq bir neçə min ədəd hipersəs raketi ehtiyatına malikdir və ölkənin xüsusi sektorunun prosesə qoşulması bu rəqəmi daha da artıra bilər.
YKJ-1000 raketi saatda 6100–8 500 kilometr arası sürətə çata bilir və radarların aşkar etməsinin çətin olduğu trayektoriyada uçur. Onun təxminən 1300 kilometr mənzili var və bu məsafədən böyük dəniz qruplaşmalarına zərbə endirə biləcəyi bildirilir. Raketin konteyner formasında gizlədilə bilməsi, xüsusilə, Tayvan boğazı və Cənubi Çin dənizi kimi bölgələrdə Çinin mövqeyini gücləndirən amillərdən biri kimi dəyərləndirilir.
ABŞ-da “Lockheed Martin” və “Raytheon” kimi şirkətlər də Çinə cavab olaraq daha ucuz hipersəs sistemləri üzərində işi sürətləndirib. Bəzi analitiklər bu yarışın yeni bir geosiyasi gərginlik mərhələsinə – qeyri-rəsmi “soyuq müharibə”yə çevrilə biləcəyini deyirlər. Çin isə artan istehsal gücü və ucuz raket konsepsiyası ilə növbəti illərdə bölgədə hərbi balansı dəyişdirə biləcək əsas oyunçu hesab olunur.