Almaniyada canlı Madaqaskar cırıltılı tarakanlarından istifadə edən yeni bir biorobot nəzarət sistemi hazırlanır.
Kassel mərkəzli SWARM Biotactics startapı real tarakanların belinə süni intellektlə işləyən kiçik elektron “bel çantaları” taxaraq onları kəşfiyyat alətinə çevirib. Həmin çantalarda mikroçiplər, mini kameralar, istilik sensorları və təhlükəsiz rabitə qurğuları var. Yumşaq elektrik siqnalları göndərərək, operatorlar bu həşəratları dar və ya təhlükəli yerlərdən keçirə bilirlər — elə yerlərdən ki, adi robotlar ora çata bilmir.
Tarakanlar həmçinin qrup şəklində də işləyə bilər. Süni intellektin köməyi ilə özləri hərəkət edir və tanınmayan ərazilərin xəritələrini yaradırlar.
Layihəyə 13 milyon avrodan çox investisiya ayrılıb. Eyni zamanda bu layihənin icrası zamanı, aşkar olundu ki, bu həşəratlar çox dözümlüdür və üzərlərindəki kiçik cihazları asanlıqla daşıya bilirlər. Bu layihə biologiya ilə müasir mühəndisliyi birləşdirən yeni müdafiə texnologiyalarına yol açır.