FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger ofsayd qaydasında dəyişiklik etmək niyyətindən əl çəkmir. Onun əvvəlki təklifinin sınaqları gözlənilən nəticəni vermədiyindən fransalı mütəxəssis yeni variant üzərində işləməyi planlaşdırır.
MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.
Vengerin əvvəlki təklifinə əsasən, hücumçu yalnız bədəni müdafiəçidən tamamilə irəlidə olduğu halda ofsaydda sayılmalı idi. Bu dəyişiklik hücum futbolunu təşviq etmək və VAR-ın millimetrlərlə müəyyənləşdirdiyi ofsayd qərarlarını azaltmaq məqsədi daşıyırdı.
Lakin Kanada Premyer Liqasında aparılan sınaqlar gözlənilən effekti verməyib. Nəticələr göstərib ki, müdafiə olunan komandalar hücumçulara daha çox üstünlük verən qaydaya uyğunlaşmaq üçün müdafiə xəttini daha geriyə çəkiblər.
Bu səbəbdən futbol qaydalarını müəyyənləşdirən Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) məsləhətçi komitələrinin əvvəlki təklifin tətbiqini dəstəkləməyəcəyi gözlənilir.
Bununla belə, Venger alternativ variant təklif etməyə hazırlaşır. Yeni yanaşmaya əsasən, ofsayd yalnız futbolçunun bədəninin yuxarı hissəsinin mövqeyinə görə müəyyən edilə bilər. Bu halda ayaqların və baldırların mövqeyi ofsaydın hesablanmasında nəzərə alınmayacaq.
Hazırkı qaydalara əsasən isə futbolçunun başı, gövdəsi və ya ayaqlarının hər hansı bir hissəsi rəqibin sonuncudan ikinci oyunçusundan irəlidə olduqda ofsayd mövqeyi yarana bilər. Əllər və qollar bu hesablamaya daxil edilmir.
Vengerin yeni təklifi hələ təsdiqlənməyib. Ofsayd qaydasında hər hansı dəyişiklik IFAB-ın müvafiq qərarından sonra qüvvəyə minə bilər.