Lavrov Tehranda Araqçi ilə görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Abbas Araqçi ilə görüşüb. Danışıqlarda Hörmüz boğazındakı gərginlik, regional təhlükəsizlik və iki ölkənin strateji əməkdaşlığı müzakirə olunub.

15

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edərək iranlı həmkarı Abbas Araqçi ilə görüşüb. Danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, Yaxın Şərqdəki hərbi-siyasi vəziyyət və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Anadolu Agentliyi”nin məlumatına görə, nazirlərin görüşündən sonra Rusiya və İran nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqlar keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, görüşdə iki ölkə liderləri arasında əvvəlki təmaslar zamanı əldə edilmiş razılaşmaların icrası və hərtərəfli strateji tərəfdaşlığın inkişafı əsas müzakirə mövzularından olub.

İranın xarici işlər naziri Abbas Araqçi danışıqları məhsuldar qiymətləndirərək Moskva ilə Tehran arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Fars körfəzi, Cənubi Qafqaz, Avropa və Ukraynadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.

İranın “Tasnim” agentliyinin məlumatına görə, Araqçi görüşdən sonrakı birgə mətbuat konfransında Rusiya ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini bildirib.

Hörmüz boğazında yaranmış gərginlik də danışıqların əsas mövzularından biri olub.

“Reuters” agentliyinin məlumatına görə, Araqçi boğazdakı təhlükəsizlik problemlərinə görə ABŞ-ni günahlandırıb və mövcud böhranın diplomatik yollarla həllinə çağırıb.

İran diplomatiyasının rəhbəri region ölkələrinin xarici hərbi qüvvələrin iştirakı olmadan ortaq təhlükəsizlik mexanizmi formalaşdırmasının vacibliyini bildirib.

Sergey Lavrov isə Moskvanın İranla əməkdaşlıqdan imtina etmək niyyətində olmadığını açıqlayıb.

“Mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Rusiya İranla iqtisadi və investisiya sahələrində əldə edilmiş razılaşmalardan imtina etmək niyyətində deyil”, – deyə Lavrov bildirib.

Rusiya naziri Buşehr Atom Elektrik Stansiyasına rusiyalı mütəxəssislərin tədricən qayıtdığını, neft-qaz hasilatı və enerji daşıyıcılarının nəqli sahəsində əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayıb.

“İnterfaks” agentliyinin məlumatına görə, Lavrov Tehrana Bəhreyndən gəlib. O, burada Rusiya ilə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası arasında strateji dialoqun doqquzuncu iclasında iştirak edib.
Qeyd edək ki, bu, Lavrov və Əraqçinin 2026-cı il ərzində dördüncü üzbəüz görüşüdür. Nazirlər il ərzində 14 dəfə də telefon danışığı aparıblar.

Lavrovun Tehran səfəri Rusiya və İranın regional böhranların diplomatik həlli istiqamətində koordinasiyanı davam etdirdiyini və ikitərəfli strateji əməkdaşlığı genişləndirmək niyyətində olduğunu göstərir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti