ABŞ-nin Florida ştatında məhkəmə Kubanın 95 yaşlı keçmiş Prezidenti Raul Kastronun həbsinə order verib. Kastro 1996-cı ildə Kuba hərbi təyyarələri tərəfindən iki mülki təyyarənin vurulması və dörd nəfərin həlak olması ilə nəticələnən əməliyyatın təşkilində iştirak etməkdə ittiham olunur.
MSNews.az xəbər verir ki, bu barədə Florida Baş Prokurorluğu oktyabrın 19-da məlumat yayıb. Mayami məhkəməsinin qərarı 1996-cı il fevralın 24-də baş vermiş hadisə ilə bağlı yenidən aparılmış istintaqın nəticələrinə əsaslanır.
“Anadolu Agentliyi”nin məlumatına görə, Kastroya qarşı birinci dərəcəli qətlin törədilməsi məqsədilə cinayətkar sövdələşmədə iştirak ittihamı irəli sürülüb. Məhkəmə onun girov müqabilində azadlığa buraxılmasına icazə verilməməsini qərara alıb.
Təşkilat dəniz yolu ilə Kubadan qaçan şəxslərin aşkar olunmasına və xilas edilməsinə yardım göstərirdi. Eyni zamanda, Kuba hökumətinə qarşı siyasi fəaliyyətlə məşğul olurdu.
1996-cı il fevralın 24-də təşkilata məxsus üç “Cessna” təyyarəsi Mayami yaxınlığındakı Opa-Loka hava limanından havaya qalxıb. ABŞ tərəfinin məlumatına görə, Kuba Hərbi Hava Qüvvələrinə məxsus MiQ qırıcıları beynəlxalq hava məkanında iki təyyarəni raketlə vurub.
Hadisə nəticəsində dörd nəfər — üç ABŞ vətəndaşı və bir qanuni daimi sakin həyatını itirib.
İstintaq materiallarında bildirilir ki, həmin dövrdə Kubanın müdafiə naziri və birinci vitse-prezidenti olan Raul Kastro əməliyyatın həyata keçirilməsi barədə qərarın qəbulunda iştirak edib.
Florida hüquq-mühafizə orqanlarının iddiasına görə, Kuba kəşfiyyatına bağlı şəxslər Mayami və Ki-Uest şəhərlərində fəaliyyət göstərərək təşkilatın uçuş planları haqqında məlumat toplayıb və onları Havanaya ötürüblər.
Florida Baş prokuroru Ceyms Utmayer bildirib ki, hadisədən 30 il keçməsinə baxmayaraq, ölən şəxslərə görə məsuliyyət daşıyanların cəzalandırılması istiqamətində səylər davam etdiriləcək.
Rəsmi məlumata əsasən, Kastronun həbsinə dair order Florida ştatının 11-ci məhkəmə dairəsinin baş hakimi Ariana Faxardo Orşan tərəfindən imzalanıb.
ABŞ Ədliyyə Nazirliyi mayın 20-də eyni hadisə ilə əlaqədar Kastro və daha beş nəfərə qarşı federal ittiham aktını açıqlayıb. Həmin işdə ABŞ vətəndaşlarının öldürülməsi, mülki təyyarələrin məhv edilməsi və digər cinayət ittihamları yer alıb.
Raul Kastronun həbsinə order verilməsi onun artıq saxlanıldığı və ya təqsirinin məhkəmədə sübuta yetirildiyi demək deyil. Keçmiş Kuba liderinin ABŞ məhkəməsi qarşısına çıxarılması ilə bağlı hələlik konkret məlumat yoxdur.