Pərviz Əliyev: “Özbəkistanda elitadaxili balans Səmərqənd xəttinin xeyrinə dəyişir”

Siyasi araşdırmaçı Pərviz Əliyev Özbəkistanda Səmərqənd və Daşkənd siyasi şəbəkələri arasındakı tarixi balansı, Mirziyoyev dövründə hakimiyyətin konsolidasiyasını və bunun xarici siyasətə təsirini təhlil edib.

15

Özbəkistanda dövlət institutlarının modernləşdirilməsi davam etsə də, ölkənin siyasi sistemində regional mənşə, şəxsi loyallıq və patronaj şəbəkələrinin təsiri tam aradan qalxmayıb. Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, Şavkat Mirziyoyev dövründə tarixən “Səmərqənd” və “Daşkənd” klanları kimi xarakterizə edilən elit qruplar arasındakı balans getdikcə prezidentin ətrafında konsolidasiya olunur.

“Özbəkistanda klan amilini formal təşkilatlar kimi yox, hakimiyyətə çıxış, iqtisadi resurslar və təhlükəsizlik strukturlarında təmsilçilik yaradan qeyri-formal şəbəkələr kimi anlamaq lazımdır. Tarixən ən güclü iki xətt Səmərqənd və Daşkənd olub”.

Əliyevin fikrincə, İslam Kərimovun əsas siyasi uğurlarından biri bu qruplardan heç birinin mütləq üstünlük qazanmasına imkan vermədən özü üçün moderator mövqeyi yaratması idi. Səmərqənd mənşəli Kərimovun hakimiyyətinin ilk mərhələsində həmin regional şəbəkəyə söykəndiyi, sonradan isə müxtəlif qruplar arasında balans yaratmağa çalışdığı uzun illərdir Özbəkistan siyasətinə dair təhlillərdə qeyd olunur.

Mirziyoyev dövründə nə dəyişdi?

Pərviz Əliyev hesab edir ki, 2016-cı ildə hakimiyyətə gələn Şavkat Mirziyoyev əvvəlcə Kərimovdan miras qalmış balans modelini qorusa da, zamanla öz siyasi mövqeyini gücləndirdi.

Bu prosesdə mühüm hadisələrdən biri Daşkənd elit şəbəkəsinin aparıcı simalarından hesab edilən Rüstəm Əzimovun hökumətdən uzaqlaşması oldu. Əzimov uzun illər maliyyə naziri və baş nazirin müavini kimi ölkənin maliyyə-iqtisadi blokunda mühüm mövqelər tutmuşdu və 2017-ci ildə hökumətdən ayrıldı

“Əzimovun gedişi sadəcə bir məmurun vəzifədən çıxması deyildi. Daşkənd xəttinin ən mühüm dayaqlarından biri olan maliyyə-iqtisadi blok üzərində əvvəlki təsir imkanları ciddi şəkildə zəiflədi”.

Digər mühüm dəyişiklik təhlükəsizlik aparatında baş verdi. Özbəkistan Milli Təhlükəsizlik Xidmətinə 1995-ci ildən rəhbərlik edən və ölkənin ən güclü siyasi fiqurlarından biri hesab olunan Rüstəm İnoyatov 2018-ci ildə vəzifəsindən azad edildi.

Əliyev bunu Mirziyoyevin hakimiyyət daxilində müstəqil güc mərkəzlərini zəiflətməsi baxımından dönüş nöqtələrindən biri hesab edir:

“Mirziyoyev köhnə sistemin əsas oyunçularını birdən-birə dağıtmadı. Əvvəl konsensusu qorudu, sonra isə tədricən prezident institutunu bütün şəbəkələrdən daha güclü mövqeyə çıxardı”.

“Səmərqənd klanı güclənir” tezisi nə qədər doğrudur?

Araşdırmaçının fikrincə, hazırkı prosesi yalnız “bir klan digərini məğlub edir” kimi təqdim etmək sadələşdirilmiş yanaşma olardı.

“Səmərqənd xəttinin üstünlüyü görünür, çünki Mirziyoyev özü bu siyasi ənənədən gələn fiqur kimi qiymətləndirilir. Amma əsas proses daha böyükdür: hakimiyyət tədricən klanlardan prezidentin şəxsi siyasi vertikalına keçir”.

Əliyevə görə, bu baxımdan Mirziyoyev Kərimovun müəyyən mənada başladığı prosesi başqa üsulla davam etdirir: regional şəbəkələr qalır, amma onların dövlətin mərkəzi institutları üzərində sərbəst təsir imkanları məhdudlaşdırılır.

Xarici siyasətdə Moskva-Qərb bölgüsü

Pərviz Əliyev Səmərqənd və Daşkənd qruplarının xarici siyasət istiqamətləri ilə bağlı bölgünün isə ehtiyatla aparılmalı olduğunu bildirir.

Rüstəm Əzimov Qərbin maliyyə institutları ilə geniş əlaqələrə malik olub və uzun illər Özbəkistanın beynəlxalq maliyyə strukturlarındakı əsas nümayəndələrindən biri sayılıb. Bu səbəbdən onun təmsil etdiyi siyasi-iqtisadi xətt Qərblə əməkdaşlığa daha açıq hesab edilirdi.

“Səmərqənd xəttini tam Rusiyayönlü, Daşkənd xəttini isə tam Qərbyönlü adlandırmaq doğru olmaz. Özbəkistanın xarici siyasətinin əsas xüsusiyyəti praqmatizmdir. Moskva, Pekin, Ankara, Vaşinqton və digər mərkəzlərlə münasibətlər ideoloji seçimdən çox dövlət maraqlarına uyğun qurulur”.

Əndican və Qaraqalpaqstanın dərsi

Əliyev hesab edir ki, Özbəkistanda regional və sosial tarazlığın əhəmiyyətini hakimiyyət yaxşı anlayır. 2005-ci il Əndican hadisələri, eləcə də 2022-ci ildə Qaraqalpaqstanda baş verən etirazlar mərkəzi hakimiyyət üçün daxili sabitliyin həssaslığını göstərən nümunələrdir. 2022-ci ilin Nukus hadisələrində həm mülki şəxslər, həm də hüquq-mühafizə əməkdaşları arasında itkilərin olduğu rəsmi şəkildə açıqlanmışdı.

“Mirziyoyev üçün əsas məsələ hansısa klanı tam sıradan çıxarmaq yox, alternativ güc mərkəzlərinin dövlətin idarəolunmasına təhlükə yaradacaq səviyyəyə yüksəlməsinə imkan verməməkdir”.

Pərviz Əliyevin qənaətinə görə, Özbəkistanda hazırkı mərhələ Səmərqənd və Daşkənd klanlarının klassik qarşıdurmasından daha çox, prezident hakimiyyətinin bütün regional-elitar şəbəkələr üzərində konsolidasiyası prosesidir.

“Mirziyoyevin üstünlüyü ondadır ki, hakimiyyət keçidini ciddi daxili qarşıdurma olmadan həyata keçirdi və Kərimovdan qalan elit konsensusu birdən dağıtmadı. İndi isə həmin sistem daxilində prezidentin şəxsi siyasi çəkisi əvvəlkindən daha böyükdür. Bu, həm elitaya oyunun qaydalarının dəyişmədiyi, həm də son sözün artıq daha aydın şəkildə bir mərkəzdən gəldiyi mesajıdır”.