ABŞ ordusunun keçmiş snayperi Nik Betts Nevada ştatındakı məşhur “51-ci zona” (Area 51) hərbi bazası yaxınlığında amerikalı hərbçilərlə reptiliyaya bənzər naməlum varlıqlar arasında silahlı qarşıdurma baş verdiyini iddia edib. Onun sözlərinə görə, məxfi əməliyyat zamanı azı bir ABŞ əsgəri həyatını itirib.
MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri oktyabrın 16-da məlumat yayıb. Nəşr keçmiş hərbçinin “Liberty Risk” podkastında səsləndirdiyi iddialara istinad edib.
İraq və Əfqanıstanda xidmət etmiş Betts bildirib ki, hadisə barədə ona ABŞ ordusunun xüsusi əməliyyat bölmələrindən birinin keçmiş əməkdaşı danışıb.
İddiaya əsasən, hərbi bazanın yaxınlığındakı məxfi yeraltı obyektə üç naməlum varlıq daxil olub. Bundan sonra onların zərərsizləşdirilməsi üçün xüsusi təyinatlı hərbçilərdən ibarət qrup göndərilib.
Bettsin danışdığı versiyaya görə, əməliyyata cəlb edilən hərbçilər xüsusi enerji silahları ilə təchiz olunublar. Yeraltı tunellərdə baş verdiyi iddia olunan qarşıdurmada isə naməlum varlıqların da oxşar silahlardan istifadə etdiyi bildirilir.
Keçmiş snayper bir amerikalı əsgərin sinəsindən aldığı zərbə nəticəsində həlak olduğunu, hərbçilərin isə üç naməlum varlığı öldürdüklərini iddia edib.
Betts həmin varlıqları iki ayaq üzərində hərəkət edən, barmaqları olan və xarici görünüşcə sürünənlərə bənzəyən canlılar kimi təsvir edib.
Hadisənin ona Polşada, Ukrayna müharibəsi haqqında sənədli film üzərində işlədiyi dövrdə danışıldığını bildirən keçmiş hərbçi söhbətin qeyri-rəsmi şəraitdə baş tutduğunu etiraf edib.
Bu barədə oktyabrın 15-də material dərc edən “Liberation Times” qeyd edir ki, Betts hadisənin birbaşa şahidi olmayıb. O, bütün məlumatları kimliyi açıqlanmayan şəxsin danışdıqlarına əsasən yayıb.
Məlumata görə, hadisənin guya baş verdiyi dəqiq tarix, yeraltı obyektin yeri və öldüyü iddia edilən hərbçinin kimliyi açıqlanmayıb.
Ən mühüm məqam isə odur ki, iddia olunan əməliyyatı, əsgər itkisini və yadplanetli varlıqların mövcudluğunu təsdiqləyən heç bir müstəqil sübut təqdim edilməyib.