Suriyadan İsrailə tələb: Hərbi müdaxilələr dərhal dayandırılmalıdır

Suriya BMT Təhlükəsizlik Şurasında İsrailin ölkə ərazisinə endirdiyi hava zərbələrinin və quru müdaxilələrinin dayandırılmasını tələb edib. Dəməşq 1974-cü il razılaşmasının qüvvədə qaldığını vurğulayıb.

10

Suriya hökuməti İsraildən ölkə ərazisinə endirilən hava zərbələrini və quru qoşunlarının hərbi müdaxilələrini dərhal dayandırmağı tələb edib. Dəməşq iki ölkə arasında 1974-cü ildə imzalanmış qüvvələrin ayrılması haqqında razılaşmanın qüvvədə qaldığını və ona əməl edilməsinin vacibliyini vurğulayıb.

MSNews.az xəbər verir ki, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Olabi oktyabrın 15-də Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Bu barədə “North Press Agency” məlumat yayıb.

Suriyalı diplomat ölkəsinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini qeyd edərək İsrailin hərbi əməliyyatlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Olabi vurğulayıb ki, ABŞ-nin vasitəçiliyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə birbaşa danışıqlar aparılsa da, 1974-cü il razılaşması tərəflər arasında hərbi vəziyyətin tənzimlənməsi üçün əsas hüquqi çərçivə olaraq qalır.

Sözügedən razılaşma 1973-cü il Ərəb-İsrail müharibəsindən sonra imzalanıb. Sənəd tərəflərin hərbi qüvvələrinin ayrılmasını, atəşkəsə riayət olunmasını və BMT müşahidəçilərinin nəzarəti altında bufer zonanın yaradılmasını nəzərdə tutur.

İsrail isə 2024-cü ilin dekabrında Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriya ərazisində hərbi mövcudluğunu genişləndirib. İsrail rəhbərliyi bu addımları sərhəd təhlükəsizliyinin təmin edilməsi və silahlı qruplaşmalardan qaynaqlanan təhdidlərin qarşısının alınması ilə əsaslandırır.

BMT Təhlükəsizlik Şurasının fəaliyyətini izləyən “Security Council Report” təşkilatının oktyabr hesabatına əsasən, İsrail qüvvələrinin Quneytra və Dəra vilayətləri ətrafında hərbi fəaliyyəti davam edib. Hesabatda bu hərəkətlərin 1974-cü il razılaşması ilə müəyyən edilmiş təhlükəsizlik rejiminə zidd olduğu bildirilir.

Suriya rəhbərliyi isə İsrail qoşunlarının 2024-cü ilin dekabrından sonra nəzarətə götürdüyü ərazilərdən çıxarılmasını tələb edir.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların əsas məqsədi sərhədboyu təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi və tərəflər arasında yeni hərbi qarşıdurmanın qarşısının alınmasıdır. Lakin qoşunların çıxarılması və təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqları qalır.

Dəməşq bəyan edib ki, İsraillə təhlükəsizlik məsələlərinin müzakirəsi Suriyanın ərazi bütövlüyündən və suveren hüquqlarından imtina etməsi demək deyil.

Suriya tərəfi beynəlxalq ictimaiyyəti İsrailin hərbi müdaxilələrinin dayandırılması və 1974-cü il razılaşmasının müddəalarına əməl olunması üçün daha fəal mövqe nümayiş etdirməyə çağırıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.