Türkiyənin Antalya vilayətində aparılan sualtı arxeoloji qazıntılar zamanı 4400–4700 il əvvələ aid gəmi qəzasının izləri aşkar edilib. Alimlər tapıntının indiyədək məlum olan ən qədim batmış gəmiyə aid ola biləcəyini bildirirlər.
MSNews.az xəbər verir ki, qədim gəminin qalıqları Aralıq dənizində, Kekova adası yaxınlığında, təxminən 30 metr dərinlikdə müəyyən edilib.
Bu barədə “Euronews” və “Al Jazeera” məlumat yayıb.
Tədqiqatçıların qiymətləndirməsinə görə, gəmi eramızdan əvvəl III minilliyə, erkən Tunc dövrünə aiddir. Bu isə onun təxminən Misirdə Giza Böyük Piramidasının inşa edildiyi dövrdə dənizlərdə hərəkət etdiyini göstərir.
Minilliklər ərzində gəminin taxta gövdəsi tamamilə çürüyərək yox olub. Bununla belə, arxeoloqlar dənizin dibində 30-dan çox saxsı saxlama qabı və üç iri daş lövbər aşkar ediblər.
Ən maraqlı məqamlardan biri bəzi qabların içərisində daşınmış məhsulların qalıqlarının qorunmasıdır. İlkin ehtimallara görə, həmin qablarda zeytun yağı, şərab və digər ticarət məhsulları daşınıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, tapıntı qədim Aralıq dənizi ticarət əlaqələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qabların gil tərkibinin təhlili onların İordan vadisindəki emalatxanalarda hazırlandığını göstərir.
Tapıntılar arasında üzərində doqquz işarə və iki dəlik olan xüsusi saxsı qab da diqqət çəkir. Alimlər həmin qabın dənizçilər tərəfindən süd məhsullarının, xüsusilə yağ və ya pendirin hazırlanmasında istifadə edilmiş ola biləcəyini ehtimal edirlər.
Araşdırmaya rəhbərlik edən Akdeniz Universitetinin arxeoloqu Hakan Öniz bildirib ki, gəminin yaşı qabların forması və bəzək xüsusiyyətlərinin digər erkən Tunc dövrü nümunələri ilə müqayisəsi əsasında müəyyənləşdirilib.
Qeyd edək ki, taxta gövdəsi böyük ölçüdə qorunmuş ən qədim məlum batmış gəmi isə Bolqarıstan sahillərində, Qara dənizin dibində aşkarlanıb. Təxminən 2400 il yaşı olan həmin gəmi ilə Türkiyədəki tapıntı arasında əsas fərq gövdənin qorunma vəziyyətidir.
Arxeoloqlar hesab edirlər ki, Kekovadakı kəşf qədim dəniz ticarəti, gəmiçilik texnologiyaları və minilliklər əvvəlki insanların gündəlik həyatı haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək.