İran müharibə zamanı zərər görən raket potensialını əhəmiyyətli dərəcədə bərpa edib. İsrail mediasının məlumatına görə, hazırda Tehranın arsenalında ən azı 400 aktiv raket buraxılış qurğusu mövcuddur.
MSNews.az xəbər verir ki, bu barədə İsrailin fəaliyyətə yeni başlayan “Channel 16” telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
İsrailin “JFeed” nəşrinin məlumatına görə, İranın 2026-cı ilin fevralında başlayan hərbi əməliyyatlardan əvvəl təxminən 420 raket buraxılış qurğusu olub. Son qiymətləndirmələr isə bu göstəricinin yenidən 400-ə yaxınlaşdığını göstərir.
Bu məlumatlar müharibənin əvvəlində İranın raket imkanlarına ciddi zərbə endirildiyi barədə açıqlamalar fonunda diqqət çəkir.
Daha əvvəl “Al Jazeera” İsrail hərbi rəsmilərinə istinadən İranın təxminən 410–440 raket buraxılış qurğusundan 290-na qədərinin sıradan çıxarıldığının bildirildiyini yazmışdı.
İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi isə apreldə ölkənin raket və pilotsuz uçuş aparatları üçün buraxılış sistemlərini müharibədən əvvəlki dövrlə müqayisədə daha sürətlə bərpa etdiyini açıqlamışdı.