Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında anklav və eksklavların qarşılıqlı ərazi mübadiləsi yolu ilə aradan qaldırılması məsələsini müzakirə etdiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, Paşinyan oktyabrın 15-də keçirdiyi brifinqdə ərazi mübadiləsinin Azərbaycan və Ermənistan arasında müzakirə olunan variantlardan biri olduğunu bildirib.
Bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Paşinyan bildirib ki, bu istiqamətdə bir neçə ssenari mövcuddur və yekun qərar hələ qəbul edilməyib.
“Düşünürəm ki, həm Ermənistanda, həm də Azərbaycanda müvafiq həll yolunun tapılmasının vacibliyi getdikcə daha aydın başa düşülür”, – deyə o vurğulayıb.
Müzakirə olunan məsələ Azərbaycanın Ermənistanın nəzarətində qalan Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri, eləcə də Ermənistanın öz ərazisi hesab etdiyi, hazırda Azərbaycanın nəzarətində olan Başkəndlə bağlıdır.
“İnterfaks” agentliyinin məlumatına görə, Paşinyan ərazi mübadiləsindən əvvəl sərhədlərin delimitasiyasının aparılmasının və müvafiq torpaq sahələrinin dəqiq ölçülərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. O, prosesin hüquqi rəsmiləşdirilməsi üçün referendumun tələb olunub-olunmayacağının da hələ aydın olmadığını bildirib.
Ermənistanın Baş naziri daha əvvəl Türkmənistanda Prezident İlham Əliyevlə təmaslarından sonra sülh prosesinin bu prinsiplər əsasında davam etdirilməsi üçün imkan yarandığı qənaətinə gəldiyini açıqlamışdı.
Paşinyan həmçinin bütün regional nəqliyyat və kommunikasiya xətlərinin açılmasının, tərəflərin bir-birinə qarşı ərazi iddialarından imtina etməsinin vacibliyini vurğulayıb. O, sərhədlərin delimitasiya və demarkasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalı olduğunu bildirib.