Almaniyanın müxalif Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alisa Vaydel Ukraynanın Rusiya ilə müharibədə artıq məğlub olduğunu iddia edərək Almaniyanın Kiyevə dəstəyini dayandırmağa çağırıb.
MSNews.az xəbər verir ki, Vaydel bu barədə “The Economist” nəşrinə müsahibəsində danışıb.
Siyasətçi Qərb ölkələrinin onilliklər ərzində Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarına məhəl qoymadığını iddia edib. O, Almaniya hökumətinin xarici siyasətdə ilk növbədə öz vətəndaşlarının maraqlarını əsas götürməli olduğunu bildirib.
Vaydel ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşmanı nümunə göstərərək Berlinin də Moskvadan yanacaq tədarükünü bərpa etməsini təklif edib.
AfD həmsədri, həmçinin sülh razılaşması əldə olunduqdan sonra Almaniyada yaşayan bir milyondan çox ukraynalı qaçqının vətəninə qayıtmalı olduğunu söyləyib.
Bu açıqlamalar Almaniyanın Saksoniya-Anhalt federal əyalətində qəbul edilən qərarla eyni dövrə təsadüf edib. Oktyabrın 14-də əyalət parlamenti AfD və Sara Vaqenknext İttifaqının (BSW) birgə təqdim etdiyi qətnaməni təsdiqləyib.
“Reuters” agentliyinin məlumatına görə, sənəddə Ukraynaya silah və maliyyə yardımının dayandırılması, yalnız humanitar dəstəyin saxlanılması və Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi tələb olunur.
Bununla belə, qərar Almaniyanın Ukraynaya yardımını faktiki olaraq dayandırmır. Xarici siyasət və hərbi dəstəklə bağlı qərarlar federal hökumətin səlahiyyətindədir. Qətnamə əyalət hökumətini məsələni federal səviyyədə qaldırmağa çağıran siyasi təşəbbüs xarakteri daşıyır.