Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də Ankarada Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyevanı qəbul edib.
MSNews.az xəbər verir ki, görüş Türkiyə Prezident Kompleksində baş tutub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata əsasən, qəbulda Türkiyə Prezidentinin şəxsi katibliyinin rəhbəri Həsən Doğan və Özbəkistanın Ankaradakı səfiri İlham Heydərov da iştirak ediblər.
“Anadolu Agentliyi”nin məlumatına görə, görüş mətbuata qapalı keçirilib. Tərəflər arasında aparılan müzakirələrin məzmunu və əldə olunan mümkün razılaşmalar barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə və Özbəkistan siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirir. İki ölkə arasında yüksək səviyyəli təmaslar strateji tərəfdaşlıq münasibətləri çərçivəsində davam etdirilir.