Yeddi il əvvəl “Barselona”ya qarşı penalti zərbəsini yerinə yetirə bilmədiyi üçün meydanda ağlayan 14 yaşlı Aleksey Batrakov indi həmin komandanın qapısına UEFA Çempionlar Liqasında qol vurub. Rusiyalı futbolçunun uşaqlıq illərində yaşadığı məyusluqla peşəkar karyerasındakı bu uğur futbol ictimaiyyətinin diqqətini çəkib.
MSNews.az xəbər verir ki, hadisənin tarixi 2019-cu ilin avqustuna gedib çıxır.
Həmin vaxt Moskvanın “Lokomotiv” klubunun 14 yaşadək komandasının kapitanı olan Batrakov beynəlxalq UTLC Cup turnirinin finalında “Barselona” ilə qarşılaşıb.
Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Batrakovun zərbəsini “Barselona”nın qapıçısı dəf edib. Komandası finalda məğlub olan gənc futbolçu göz yaşlarına hakim ola bilməyib.
Yeddi il sonra isə futbolçu “Barselona” ilə bu dəfə Çempionlar Liqasında üz-üzə gəlib.
Oktyabrın 13-də İstanbulda keçirilən “Qalatasaray” – “Barselona” qarşılaşmasının 28-ci dəqiqəsində Batrakov hesabı açıb.
Rafael Leaunun ötürməsindən sonra cərimə meydançasının yaxınlığından zərbə endirən 21 yaşlı yarımmüdafiəçi topu rəqib qapısına göndərib. Zərbə zamanı top müdafiəçiyə toxunaraq istiqamətini dəyişib.
Bununla belə, “Qalatasaray” üstünlüyünü qoruya bilməyib və matçda 1:4 hesabı ilə məğlub olub. Bu, Batrakovun İstanbul klubunun heyətində ilk qolu olub.
Batrakov oyundan sonra “Sport-Ekspress” nəşrinə müsahibəsində uşaqlıqda qaçırdığı penaltini xatırladaraq ilk qolunu məhz “Barselona”ya vurmasının simvolik olduğunu bildirib.