ABŞ Prezidenti Donald Trampın yeni mətbuat katibi Keti Zakariyanın Ağ Evdə keçirdiyi ilk brifinq administrasiya daxilində narazılıq yaradıb. Təxminən 15 dəqiqə davam edən çıxışın böyük hissəsi Trampın nailiyyətlərinə həsr olunub, jurnalistlərin suallarına isə cəmi beş dəqiqə ayrılıb.
MSNews.az xəbər verir ki, bu barədə “CNN” telekanalı Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.
Oktyabrın 13-də keçirilən brifinqdə Zakariya əsasən ABŞ prezidentinin iqtisadiyyat, enerji və miqrasiya siyasəti sahəsindəki fəaliyyətindən danışıb.
Mətbuat katibi yalnız üç jurnalistin sualını cavablandırıb. Həmin jurnalistlər “Breitbart”, “Fox News” və “Daily Mail” nəşrlərini təmsil ediblər.
CNN-in məlumatına görə, Ağ Evin bəzi müşavirləri Zakariyanın çıxışını uğursuz hesab ediblər. Administrasiya nümayəndələrindən biri brifinqi olduqca pis qiymətləndirib, digərləri isə çıxışın gözləniləndən qısa və qeyri-rahat keçdiyini bildiriblər.
Bəzi rəsmilər Zakariyanın kifayət qədər hazırlıq keçmədən jurnalistlərin qarşısına çıxarılmasını tənqid ediblər.
Mənbələrin sözlərinə görə, onun brifinqə niyə bu qədər tələsik hazırlandığı Ağ Ev daxilində də suallar yaradıb.
“The Wall Street Journal” da yeni mətbuat katibinin ilk çıxışında həyəcanlı göründüyünü və qeydlərindən geniş istifadə etdiyini yazıb.
Bununla belə, Zakariya brifinq zamanı mühüm açıqlama da verib. O, ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoyldan istefa verməsinin tələb olunduğunu təsdiqləyib.
Donald Tramp isə müşavirlərinin bir qisminin narazılığına baxmayaraq, yeni mətbuat katibinin çıxışını bəyəndiyini bildirib.
Ağ Evin rəsmi açıqlamasında da Zakariyanın ilk brifinqi müsbət qiymətləndirilib və onun administrasiyanın fəaliyyətini ictimaiyyətə təqdim etdiyi vurğulanıb.
Qeyd edək ki, Keti Zakariya bu vəzifədə Karolin Livitti əvəzləyib. O, bundan əvvəl Trampa bağlı media və kommunikasiya strukturlarında çalışıb.