Rusiya Avropanın müdafiə şirkətlərinin rəhbərlərinə qarşı sui-qəsdlər hazırlayır

Qərb kəşfiyyat orqanları Rusiyanın Avropadakı müdafiə sənayesi rəhbərlərinə qarşı sui-qəsd cəhdlərini artırdığı barədə xəbərdarlıq edib. “Financial Times”ın məlumatına görə, Moskva bu yolla Ukraynaya hərbi dəstəyi zəiflətməyə çalışır.

45

Qərb kəşfiyyat xidmətləri Rusiyanın Avropanın müdafiə sənayesi müəssisələrinin rəhbərlərinə qarşı sui-qəsd cəhdlərini intensivləşdirdiyi barədə xəbərdarlıq edib. Kəşfiyyat məlumatlarına əsasən, Moskvanın məqsədi Ukraynaya silah tədarük edən şirkətlərin rəhbərlərini qorxutmaq və Kiyevə hərbi dəstəyi zəiflətməkdir.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti beş Avropa kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Kreml Avropada təxribat və hibrid əməliyyatların miqyasını genişləndirməyə çalışır. Potensial hədəflər arasında yalnız iri silah istehsalçılarının rəhbərləri deyil, Ukraynaya pilotsuz uçuş aparatları və hərbi texnologiyalar tədarük edən kiçik müəssisələrin sahibləri də var.

Qərb kəşfiyyat nümayəndələri ehtimal edilən əməliyyatları Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU ilə əlaqələndirirlər.

Məlumata görə, Rusiya hərbi kəşfiyyatı mütəşəkkil cinayətkar qruplarla əməkdaşlığı genişləndirir, müşahidə, logistika və əməliyyat tapşırıqlarını müxtəlif şəxslər arasında bölüşdürür. Bu üsul sifarişçilərlə icraçılar arasında birbaşa əlaqənin müəyyən edilməsini çətinləşdirir.

Almaniyanın Federal Konstitusiyanın Müdafiəsi İdarəsi (BfV) təhlükə ilə əlaqədar müdafiə şirkətlərinin rəhbərləri ilə əməkdaşlığı gücləndirib.

Qurum bəzi müəssisələrə rəhbər şəxslərin fərdi mühafizəsinin artırılmasını, o cümlədən özəl təhlükəsizlik xidmətlərindən istifadə edilməsini tövsiyə edib.

“Financial Times” xatırladır ki, 2024-cü ildə Almaniyanın “Rheinmetall” silah konserninin baş direktoru Armin Pappergerə qarşı ehtimal edilən Rusiya sui-qəsd planı ABŞ və Almaniya kəşfiyyat xidmətləri tərəfindən aşkar edilmişdi.

Digər hadisə isə Ukraynaya pilotsuz uçuş aparatları tədarük edən Almaniyanın “Donaustahl” şirkətinin qurucusu Ştefan Tumanla bağlıdır. Nəşrin məlumatına görə, Almaniya təhlükəsizlik xidmətləri 2025-ci ilin sonunda ona qarşı mümkün hücumun qarşısını alıb.

Qərb kəşfiyyat nümayəndələrinin fikrincə, belə əməliyyatların məqsədi təkcə fiziki hücum həyata keçirmək deyil, həm də müdafiə sənayesində psixoloji təzyiq yaratmaqdır.

“İnsanların hədəfə çevrilə biləcəklərini hiss etmələri belə müəyyən təsir yaradır. Onlar istəyirlər ki, insanlar Ukrayna ilə əməkdaşlıq etməzdən əvvəl iki dəfə düşünsünlər”, – deyə kəşfiyyat rəsmilərindən biri bildirib.

Məlumata görə, son aylarda Avropanın bir sıra müdafiə şirkətləri yüksəkvəzifəli əməkdaşlarının təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, Rusiyanın konkret sui-qəsd planları barədə məlumatların bir hissəsi anonim kəşfiyyat mənbələrinə əsaslanır. Bütün iddialarla bağlı açıq məhkəmə sübutları təqdim edilməyib və mümkün yeni əməliyyatların təfərrüatları açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.