Lukaşenko müharibəyə hazırlaşdıqlarını açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin mümkün müharibəyə hazırlaşdığını bəyan edib. O, Polşa və Baltikyanı ölkələrə toxunaraq Belarusun heç kimə hücum etmək niyyətində olmadığını bildirib.

49

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin mümkün müharibəyə hazırlaşdığını və ən mənfi təhlükəsizlik ssenarilərinə qarşı hazırlıqlı olmasının vacibliyini bəyan edib. O, bununla yanaşı, Belarusun heç bir ölkəyə hücum etmək niyyətində olmadığını vurğulayıb.

MSNews.az xəbər verir ki, Lukaşenko bu barədə oktyabrın 13-də ölkənin güc strukturlarının rəhbərləri ilə keçirilən müşavirədə danışıb. Onun açıqlamalarını Belarusun BELTA dövlət informasiya agentliyinə istinadən “İnterfaks” yayıb.

Belarus lideri bildirib ki, mövcud beynəlxalq vəziyyətdə ölkənin bütün hərbi və təhlükəsizlik qurumları ən pis ehtimallara hazır olmalıdır.

“Biz özümüz üçün ən mənfi ssenariyə hazır olmalıyıq. Bu ssenarilər hesablanıb və bizə məlumdur. Lakin yeni təcavüz dalğasına yol vermək olmaz. Bu gün heç kimə belə bir vəziyyət lazım deyil”, – deyə Lukaşenko vurğulayıb.

O, Polşa və Baltikyanı ölkələrin hərbi imkanlarına da toxunaraq bu dövlətlərin öz hərbi məqsədlərini həyata keçirmək üçün kifayət qədər gücə malik olmadığını iddia edib.

“Biz müharibədən yayınmaq üçün müharibəyə hazırlaşırıq. Heç kimə hücum etmək niyyətində deyilik”, – deyə Belarus Prezidenti bildirib.

Lukaşenko Qərb mediasında Rusiyanın Belarus ərazisindən istifadə etməklə Baltikyanı ölkələrə və Polşaya hücum edə biləcəyi barədə yayılan ehtimalları rədd edib.

Onun sözlərinə görə, Belarus Silahlı Qüvvələrində intensiv yoxlamaların keçirilməsi qonşu dövlətlərə qarşı hücum hazırlığı kimi qiymətləndirilməməlidir.

Belarus lideri mümkün müharibə şəraitində yalnız ordunun deyil, bütün dövlət strukturlarının koordinasiyalı fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Müşavirə Daxili İşlər Nazirliyinin daxili qoşunlarına məxsus 7-ci xüsusi milis briqadasının döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının nəticələrinə həsr olunub. Bu barədə “Fontanka” məlumat yayıb.

Qeyd edək ki, Lukaşenko sentyabr ayında da ölkə ordusunda genişmiqyaslı hazırlıq yoxlamalarının davam etdiriləcəyini, zərurət yaranarsa, səfərbərlik imkanlarının da sınaqdan keçiriləcəyini açıqlamışdı.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.