Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqini dəstəkləyərək İranı Gürcüstanda yaşayan azərbaycanlılar arasında dini radikalizmi yaymaqda ittiham edib. O, bu prosesin təkcə Gürcüstan üçün deyil, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün ciddi təhlükə yaratdığını iddia edib.
MSNews.az xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun açıqlamasını Gürcüstanın “24News” nəşri yayıb.
Sabiq prezident Azərbaycanın təhsil müəssisələrində geyim qaydalarının sərtləşdirilməsini ölkənin dünyəvi dövlət modelinin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.
Saakaşvili bildirib ki, Azərbaycan rəhbərliyinin bu qərarı islamçı qüvvələrin təsirinin qarşısının alınması baxımından əhəmiyyətlidir.
O, açıqlamasında İranın regional fəaliyyətinə də toxunaraq iddia edib ki, Tehran Azərbaycanda əvvəlki təsir imkanlarını itirdikdən sonra Gürcüstandakı azərbaycanlı icmasına yönəlib.
“İran Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirir. Bu, Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır”, – deyə Saakaşvili bildirib.
Sabiq prezidentin fikrincə, dini ekstremist qüvvələrin mümkün fəaliyyəti Gürcüstanla yanaşı, Azərbaycan və digər region ölkələri üçün də təhlükəsizlik riski yarada bilər.
Qeyd edək ki, Azərbaycanda məktəbli geyimi qaydalarına edilən dəyişikliklər son günlər ictimai müzakirələrə və etirazlara səbəb olub.
Gürcüstandakı azərbaycanlıların bir hissəsi də bu müzakirələrə qoşulub. “Marneuli FM” radiosu yerli müsəlman icmasının bəzi nümayəndələrinin qaydaları dini azadlıqlar baxımından tənqid etdiyini xəbər verib.
Saakaşvilinin açıqlaması məktəbli geyimi ətrafındakı mübahisələrin Azərbaycan sərhədlərindən kənarda da siyasi müzakirə mövzusuna çevrildiyini göstərir.