İspaniyanın sabiq kralı I Xuan Karlos bu həftə öz həyat hekayəsini əks etdirən memuarını nəşr etdirib. Kitabda o, təxminən 70 il əvvəl baş vermiş və kiçik qardaşı Alfonsonun ölümünə səbəb olan faciəvi hadisəni ilk dəfə ətraflı təsvir edir. Bundan əlavə, sabiq kral ölkənin keçmiş diktatoru Fransisko Frankoya olan münasibətini və taxtdan imtina etdikdən sonra yaşadığı təcrid hissini də bölüşür.
“Réconciliation” (“Barışma”) adlı 500 səhifəlik kitabın fransız versiyası Fransada “Stock” nəşriyyatı tərəfindən çap olunub. İspan dilində nəşri isə 3 dekabrda planlaşdırılır.
Xuan Karlos kitabda 1956-cı ildəki faciəvi hadisəni xatırlayır. O zaman 18 yaşlı kursant olan Xuan Karlos, ailəsi ilə Portuqaliyada idi və 14 yaşlı qardaşı Alfonso ilə birlikdə tapança ilə oynayırdılar. Onun yazdığına görə, silahın dolu olduğunu bilmirdilər. Güllə əvvəlcə havaya atılıb, daha sonra rikoşet edərək Alfonsonun alnına dəymiş və onu öldürmüşdü.
“Qardaşımı itirməklə dostumu, sirdaşımı itirdim. Həyatım onun yoxluğu ilə daha ağır, daha kədərli oldu,” – sabiq kral yazır.
Kitab həmçinin sabiq kralın Fransisko Frankoya olan hörmətindən də bəhs edir. Franco 1975-ci ildə ölümünə qədər İspaniyanı dörd onillik idarə etmiş və Xuan Karlosu öz varisi elan etmişdi. Lakin Xuan Karlosun hakimiyyətə gəlişindən sonra ölkə konstitusiyalı monarxiya və demokratik sistemə keçdi — bu Frankonun planlaşdırmadığı bir yol idi.
2014-cü ildə Xuan Karlos səhhətində yaranan problemlər, şəxsi həyatına dair qalmaqallar və maliyyə ittihamları fonunda taxtdan imtina edərək hakimiyyəti oğlu VI Felipeyə təhvil verdi. 2020-ci ildə isə korrupsiya iddiaları ilə bağlı ictimai təzyiqlərdən sonra Birləşmiş Ərəb Əmirliklərinə köçdü. O, hazırda Abu-Dabiyə yaxın adada, sakit və təcrid olunmuş bir villada yaşayır.
Sabiq kral deyir ki, memuarı yazmaq qərarını ona görə verib ki, “öz hekayəsini geri qaytarsın”.
MSNews.az