MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında məlumat yayılıb.
Mərasimdə dövlət başçıları “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul ediblər.
Daha sonra iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi həyata keçirilib.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadə və Laosun kənd təsərrüfatı və ətraf mühit naziri Linkham Duanqsavan tərəfindən mübadilə olunub.

Sənəd Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Laosun Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında əməkdaşlığı nəzərdə tutur.
Digər mühüm sənəd isə xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad olunması haqqında Sazişdir.
Azərbaycan və Laos hökumətləri arasında imzalanmış bu sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Laosun Baş nazirinin müavini, xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə ediblər.

Saziş iki ölkənin xidməti pasport sahibləri üçün qarşılıqlı viza tələbinin aradan qaldırılmasını nəzərdə tutur. Bununla belə, razılaşma bütün Azərbaycan vətəndaşlarının Laos ərazisinə vizasız səfər edə biləcəyi anlamına gəlmir. Sənədin qüvvəyə minmə tarixi və tətbiq qaydaları ayrıca müəyyənləşdirilməlidir.
Qeyd edək ki, sənədlərin mübadiləsi mərasimindən əvvəl Prezident İlham Əliyevlə Laos Prezidenti Thonqlun Sisulit arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib.
Yeni sənədlər Azərbaycan və Laos arasında diplomatik əlaqələrin, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və rəsmi səfərlərin asanlaşdırılması istiqamətində növbəti addım kimi qiymətləndirilə bilər.